Accessibility links

Breaking News

Cənubi Qafqazda ağırlaşan humanitar böhran


2020-ci ilin noyabrında Azərbaycan və Ermənistan hökumətləri Dağlıq Qarabağ bölgəsində altı həftəlik döyüşlərə son qoyan atəşkəs razılığı imzalayıb. Atəşkəsdən sonra Rusiya qoşunlarının sülhməramlı qüvvələri Dağlıq Qarabağa aparan yeganə yol olan Laçın dəhlizinə yerləşdirilib. Lakin ötən ilin sonlarında Azərbaycan hökuməti Ermənistanla atəşkəsi pozaraq Laçın dəhlizini blokadaya almağa başlayıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, bir neçə həftədir ki, Laçın dəhlizi ilə bütün humanitar yardımlar dayandırılıb. Bu hərəkət azalan resurslarla sağ qalmağa məcbur olan Dağlıq Qarabağda on minlərlə insan üçün humanitar böhrana səbəb olub.

“Biz Azərbaycan hökumətini kommersiya, humanitar və şəxsi avtomobillərin Dağlıq Qarabağ sakinlərinə çatması üçün dəhlizdə sərbəst hərəkəti bərpa etməyə çağırırıq”, ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild deyib.

“Biz Laçın dəhlizinin bağlanmasından dərin narahatıq, bu, zəruri mallara çıxışı məhdudlaşdırıb və humanitar vəziyyəti daha da gərginləşdirib. Qida, dərman, körpə formulası və enerjiyə çıxış heç vaxt girov tutulmamalıdır” - deyə, Tomas-Qrinfild bildirib.

Səfir Linda Tomas-Qrinfild deyib ki, təkcə Laçın dəhlizinin blokadasına son qoymaq Dağlıq Qarabağ əhalisini qorumaq üçün kifayət deyil.

“Mən tərəflərin münaqişənin davamlı, sülh yolu ilə həllinə və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yönəlmiş danışıqları davam etdirməsinin zəruriliyini vurğulamaq istəyirəm... Və açıq deyim, regionda sülh Dağlıq Qarabağdakı şəxslərin hüquqlarının müdafiəsini və təhlükəsizliyini əhatə etməlidir. Biz Ermənistan və Azərbaycana münaqişənin sülh yolu ilə həlli istiqamətində dialoqu davam etdirməyə imkan verən istənilən formatı dəstəkləyirik”, o deyib.

“Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiqdir” - deyə, səfir Tomas-Qrinfild bildirib.

XS
SM
MD
LG