ABŞ Prezident Co Baydenin hakimiyyəti dövründə Şimali Koreya ilə bağlı siyasətinin gələcəyi nəzərdən keçirilir. Dövlət Departamentinin sözçüsü Ned Prays bütün gələcək siyasətlərin Şimali Koreyanın nüvə və ballistik raket proqramları və zərərli kiberhücumlarının yaratdığı təhdidlərə qarşı amerikalıların və müttəfiqlərin təhlükəsizliyinə üstünlük veriləcəyini deyib.
Prays həm Cənubi Koreya, həm də Şimali Koreya xalqının həyatını yaxşılaşdırmağın vacibliyini qeyd edib. O, əlavə edib ki, ABŞ-ın Şərqi Asiyadakı əsas müttəfiqləri ilə sıx əməkdaşlığı Şimali Koreyanı nüvəsizləşdirmə istiqamətində irəliləməsi üçün lazımdır.
“Bunu Cənubi koreyalı müttəfiqlərimizlə, yapon müttəfiqlərimizlə və Hindistan-Sakit okean bölgəsindəki digər müttəfiqlər və tərəfdaşlarımızla və daha geniş şəkildə yaxından məsləhətləşərək edirik, bunu da bildiyimiz kimi yenə də İran, Şimali Koreyanın nüvə proqramı, ballistik raketlər proqramı və digər narahatlıq doğuran problemlərə qarşı təsirli və nəticədə uğurlu bir yanaşma aparacağımız təqdirdə onları yanımızda saxlamalıyıq,” Prays qeyd edib.
Bu yaxınlarda ABŞ-ın Birləşmiş Millətlər Təşkilatına təyin olunmuş səfiri Linda Tomas-Qrinfild martın 2-də keçirilən mətbuat konfransında bu fikri təkrarlamışdı.
O, bölgədəki ABŞ müttəfiqləri ilə əlaqələrin vacibliyini vurğulamışdı.
"Şimali Koreyanın sülh və təhlükəsizliyimizə və dünyaya ciddi bir təhlükə yaratdığına inanırıq. Beləliklə, Şimali Koreyanı bu hədəfə yönəltməyə çalışmaqda, onun təxribatlarına və ya güc tətbiqinə qarşı müdafiədə həyati bir marağımız var," Qrinfild bildirmişdi.
Amerika Birləşmiş Ştatları Amerika vətəndaşlarını və ABŞ müttəfiqlərini, Koreya yarımadasında barışıq və sabitliyi qorumaq üçün Şimali Koreya siyasətində Cənubi Koreya və Yaponiya ilə sıx əməkdaşlıq aparmalıdır.