Demokratik azadlıqlar inkişaf etdirilməlidir

İnsan Hüquqlarına dair Ölkələr üzrə Hesabatlar Birləşmiş Millətlər Təşkilatının üzvü olan bütün ölkələrdə beynəlxalq səviyyədə tanınmış insan hüquqlarının vəziyyətinə diqqət yetirilir.

Bu hesabatlar ABŞ-ın dünyada fərdi və demokratik azadlıqları inkişaf etdirmək və bu il 75 illiyinin qeyd edildiyi Ümumdünya İnsan Hüquqları Bəyannaməsini dəstəkləmək məqsədi daşıyır.

1948-ci ildə qəbul edilmiş Ümumdünya Bəyannaməsi "tarixdə ilk dəfə olaraq insan haqlarını inkişaf etdirməklə bütün xalqların sülhsevər gələcəyə təşviq etmək üçün hər yerdə hər kəsin ortaq qlobal baxışa malik olduğunu qeyd edir" - deyə, Dövlət katibinin Demokratiya, İnsan Haqları və Əmək məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Erin Barkley son brifinqdə bildirib.

"Bu gün bu həqiqət bütün dünyada ədalətsizlik və zülm qarşısında hökumətləri insan hüquqlarının həyata keçirilməsinə, ifadə, dinc toplaşma və birləşmə kimi fundamental azadlıqlara hörmət etməyə cəsarətlə çağıran bütün insanların qəlbində döyünür", o deyib.

Birləşmiş Ştatlar insan haqları müdafiəçiləri ilə, eləcə də tez-tez qanun çərçivəsində bərabər müdafiədən məhrum edilən, qadınlar və qızlar da daxil olmaqla, irqi, etnik, yerli icmalar, o cümlədən Afrika mənşəli insanlar, dini azlıq qruplarına mənsub olanlar, LGBTQI+ və əlilliyi olan şəxslər, zorakılığa məruz qalan marginal qrupların üzvləri ilə həmrəylik nümayiş etdirir.

Dövlət katibi Blinkenin qeyd etdiyi kimi, Kremlin Ukraynaya qarşı davam edən amansız müharibəsi uşaqlar da daxil olmaqla, vicdansız zorakılıqlara yol verənlərin məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayır.

Dövlət katibinin köməkçisi vəzifəsini icra edən Barkley qeyd edib ki, Rusiya qüvvələrinin Ukraynada törətdiyi kobud və təkrar pozuntular 2022-ci ildə bütün dünyada hökumətlər və digər bədxah şəxslər tərəfindən törədilən yeganə pozuntular deyil.

"Bütün dünyada dezinformasiya demokratiya və insan haqlarını təhdid edir. İnsan Hüquqlarına dair Hesabatın verdiyi töhfələrdən biri də faktları masa üzərinə qoymaqdır. Hesabatın illik nəşri, həmçinin Birləşmiş Ştatların il boyu insan ləyaqətinin və azadlığının inkişaf etdirilməsinə verdiyi prioritetləri açıqlayır və tərəfdaş və ya düşmən olmasından asılı olmayaraq, bütün ölkələrdə bu məsələlərə sadiqliyimizi bir daha vurğulayır" - deyə, Dövlət katibinin köməkçisi vəzifəsini icra edən Barkley bildirib.

Bayden administrasiyası insan haqları və demokratiyanı xarici siyasətinin mərkəzinə qoyub və insan haqları hesabatları harada və necə olursa olsun, sui-istifadə hallarının işıqlandırılmasında və günahkarların məsuliyyətə cəlb edilməsində mühüm rol oynamaqda davam edir.