Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandinin sözlərinə görə, münaqişə, zorakılıq, aclıq, təbii fəlakət və iqlim dəyişikliyi kimi çoxsaylı böhranlar səbəbindən 110 milyona yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Bu, heyrətamiz rəqəmdir, lakin son bir neçə ayda yaranmış münaqişələrin və böhranların çoxluğunu nəzərə alsaq, təəccüblü deyil.
Məsələn, Birləşmiş Ştatların BMT-dəki Alternativ Nümayəndəsi Robert Vud “BMT rəsmiləri Sudandakı vəziyyəti dünyada ən sürətlə böyüyən köçkünlük böhranı kimi təsvir edir” deyib.
“Ukraynada Rusiyanın genişmiqyaslı, qeyri-qanuni müdaxiləsi nəticəsində hazırda beş milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb. Aaltı milyon qaçqın qonşu ölkələrə qaçıb. Banqladeşdə bir milyona yaxın Rohinca, bir çoxu Birma hərbçiləri tərəfindən amansız kampaniya nəticəsində evlərindən didərgin salınaraq qaçqın düşərgələrində yaşayır. Sentyabrın 19-da Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyatlar keçirəndən bəri 100 mindən çox qaçqın və məcburi köçkün qonşu Ermənistana qaçıb. Qəzzada illərdir HƏMAS-ın qəddarlığı altında yaşayan fələstinlilər heç bir günahı olmadan əziyyət çəkirlər” - deyə, səfir Vud bildirib.
“Bizim tərəfimizdən Birləşmiş Ştatlar Qəzzada fövqəladə humanitar vəziyyəti həll etmək üçün əlindən gələni edir.Biz 2021-ci ildən bəri UNRWA-ya bir milyard ABŞ dollarından çox yardım göstərərək fələstinlilərin yeganə ən böyük donoruyuq. Keçən həftə Prezident Bayden Qəzza və Qərbdəki Fələstin xalqı üçün əlavə 100 milyon ABŞ dolları məbləğində humanitar yardım elan edib.
Buna baxmayaraq, humanitar və qaçqın böhranlarına daha davamlı cavab vermək üçün qlobal humanitar yardım büdcələri qlobal ehtiyaclarla ayaqlaşmaq üçün mübarizə apararkən, biz “ənənəvi humanitar donorlar və təşkilatlardan kənara çıxaraq, inkişaf agentlikləri, özəl sektor və vətəndaş cəmiyyəti aktyorlarından ibarət daha geniş koalisiyaya baxmalıyıq. Builki [BMT Baş Assambleyası] Yüksək Səviyyəli Həftədə Birləşmiş Ştatlar Dünya İqtisadi Forumuna qoşularaq, humanitar və inkişaf təşkilatlarını, donorları və ev sahibi hökumətləri, inkişaf maliyyə institutlarını, fondları, investorları və korporasiyaları 10 milyard ABŞ dolları sərmayə kapitalı ilə səfərbər etmək üçün qüvvələri birləşdirməyə çağırıb ” - deyə, o bildirib.
Səfir Vud deyib: “Bu Fəaliyyətə Çağırış yeni tərəfdaşlarla işləmək və uzun sürən humanitar vəziyyətlərin həlli istiqamətində diplomatiyadan istifadə etmək səylərimizin təməl daşını təşkil edir. Biz artıq 21-ci əsrin problemlərinə 20-ci əsrin həllərinə etibar edə bilmərik. Bizə yeni yanaşmalar lazımdır. Mən bilirəm ki, biz birlikdə onları tapa bilərik”.