Dağlıq Qarabağda sülhün bərqərar edilməsi yolları

BMT missiyasına məxsus maşınlar bölgəyə səfər edir. 1 oktyabr, 2023.

Sentyabr ayında Azərbaycan separatçı Dağlıq Qarabağ bölgəsinə hərbi hücuma başlayıb və nəticədə regionda əksəriyyət təşkil edən 100,000-ə yaxın etnik erməni zülm qorxusu və sürətlə pisləşən humanitar şərait səbəbindən kütləvi şəkildə Ermənistana qaçmağa məcbur olub.

Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınır, lakin oradakı etnik ermənilər uzun müddətdir ki, Bakıdan müstəqillik əldə etməyə çalışıblar.

Azərbaycan prezidenti İlham Əliyev anklav üzərində qələbə elan edib. Eyni zamanda o, bölgədə yaşayan ermənilərin hüquqlarını və təhlükəsizliyini təmin edəcəyinə söz verib.

Konqresdəki son ifadəsində Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen Dağlıq Qarabağdan ayrılan ermənilərlə bağlı narahatlığını ifadə edib:

“Biz insanların əraziyə tam çıxışının olmasını, mülkiyyətin qorunmasını, mədəniyyətin qorunmasını və insanların adekvat məlumat almasını tələb edirik ki, onlar öz gələcəkləri ilə bağlı real seçim edə bilsinlər və bilsinlər ki, əgər onlar bunu seçsələr, qayıtmaq və Dağlıq Qarabağda yaşamaq üçün əlverişli imkanları var”.

“ABŞ sentyabrın 26-da Ermənistana $11,5 milyon dollar yardım elan edib. Bundan başqa, ABŞ Ermənistan və Azərbaycana sülh sazişi üzrə danışıqlarda kömək edir,” Dövlət katibinin köməkçisi O’Brayen bildirib.

O deyib: “Biz dərindən iştirak edirik. Hesab edirəm ki, sentyabrdan indiyədək paytaxt Yerevan və Bakıya 13 yüksək səviyyəli səfərolub, eləcə də tərəflər arasında görüşlər baş tutub. İrəliləyərkən türkiyəli həmkarlarımızla da sıx əməkdaşlıq edirik. Biz açıq şəkildə bildirdik ki, 19 sentyabr hadisələrindən sonra sülh yolunda irəliləyiş görməyincə Azərbaycanla bağlı heç nə normal olmayacaq.”

Dövlət katibinin köməkçisi O'Brayen münaqişənin bütün tərəflərinin sülh sazişindən qazanc əldə edəcəyinə dair nikbinliyini ifadə edib: “Mərkəzi Asiya ölkələri mallarını bazara çıxarmaq üçün yeni marşrutlar axtarır. Bu marşrutlar Azərbaycandan keçərək Gürcüstana və ya Ermənistandan Türkiyəyə keçə bilər. Biz heç bir güc tətbiqinin məqbul olmadığını dedik. Ermənistanın iştirakı və razılığı ilə tikilən tranzit dəhlizi bütün region dövlətləri və bu mallara çıxış əldə edəcək qlobal bazarlar üçün çox xeyirli ola bilər.”

Birləşmiş Ştatlar Ermənistan və Azərbaycana ölkələrinin və daha geniş regionun gələcək sülhü və rifahı naminə ən yaxşı qərarların qəbul edilməsində yardımçı olmağa sadiqdir.