HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumu zamanı oğurladığı təxminən 240 nəfərdən demək olar 110-u qaytarılıb. Noyabrın 24-də qüvvəyə minən humanitar atəşkəs zamanı hər gün ən az 10 girov sərbəst buraxılıb. Ancaq dekabrın 1-də döyüşlərin bərpa olması ilə, qalan girovların da yaxın günlərdə sərbəst buraxılacağına dair ümidlər puç oldu.
“Biz diqqətimizi intensiv şəkildə hər kəsi evə gətirməyə, girovları qaytarmağa yönəltmişik,” Dövlət katibi Antoni Blinken atəşkək pozulandan sonra deyib. “Biz həmçinin diqqətimizi bu münaqişənin yayılmamasından və başqa yerlərdə eskalasiya etməməsindən əmin olmağa çalışmağa yönəltmişik,”
Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib ki, bu həqiqətən də qarşıda duran üç əsas narahatlıqdan biridir:
“Birləşmiş Ştatlar xüsusilə də Livanda münaqişə istəmir. Orada eskalasiyasının regional sülh və təhlükəsizlik və Livan xalqının rifahı üçün dəhşətli fəsadları ola bilər. İsrail-Livan sərhədində sakitliyi bərpa etmək son dərəcə vacibdir.”
“İkincisi, biz İordan çayının qərb sahilində yaşayış məntəqələrinin ekstremist israilli sakinləri tərəfindən fələstinlilərə qarşı zorakılıqların artmasından dərin narahatlıq hissi keçiririk,” səfir Tomas-Qrinfild deyib.
“İordan çayının qərb sahilində mülki vətəndaşlara hücum edən ekstremistlər məsuliyyətə cəlb olunmalıdır və bu zorakılığa son qoyulmalıdır. Və Prezident Bayden açıq şəkildə bildirib ki, Birləşmiş Ştatlar bu ekstremistlərə qarşı, viza qadağası qoymaq daxil olmaqla, tədbir görməyə hazırdır. Biz İordan çayının qərb sahilində bitişik Fələstin dövlətinin olma ehtimalına xələ gətirən israilli yaşayış məntəqələrinin sayının artırılmasının qəti əleyhinəyik.”
“Üçüncüsü, biz regiondakı tərəfləri və dünya boyu insanları gərginliyi və nifrəti artıran təhrikedici ritorikadan çəkinməyə çağırırıq,” o deyib.
“Buna insanlıqdan kənar dil də daxildir. Son iki ay ərzində biz antisemitizm və islamofobiyada artım müşahidə edirik. Biz bunu onlayn şəkildə sosial mediada yayıldığını, habelə icmalarımızda görürük ki, orada nifrət zorakılıq doğurur.”
“Biz diqqəti önümüzdəki təcili işə yönəltdiyimiz bir vaxtda belə, daha yaxş; gələcək gözləməliyik,” səfir Tomas-Qrinfild deyib. “Bizim Qəzza və İordan çayının qərb sahilinin təkrar vahid idarəetmə strukturu, son nəticədə dirçəldilmiş Fələstin Muxtariyyəti altında birləşdiyi iki-dövlətli həll yoluna ehtiyacımız var. Təhlükəsiz və demokratik İsrailin yeganə təminatçısı budur. Fələstinlilərin öz dövlətlərinə dair legitim istəklərini həyata keçirmələrinin yeganə təminatçısı budur. Bu zorakılıq döngüsünə birdəfəlik son qoymağın yeganə yolu budur.”