İran və onun dəstəklədiyi qruplar eskalasiyadan uzaq durmalıdır

Mətbuatın verdiyi məlumata görə, aprelin 1-də İranın Yaxın Şərqdəki gizli əməliyyatlarına nəzarət edən bir neçə yüksək səviyyəli komandir və zabit Suriyanın paytaxtı Dəməşqdə hərbi hücum zamanı öldürülüb.

Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi İranın ABŞ-ın bombardmana görə məsuliyyət daşıması ilə bağlı ittihamlarını “cəfəngiyyat” adlandırıb. O, brifinq zamanı deyib: "İcazə verin, aydınlıq gətirim. Bizim Dəməşqdəki hücumla heç bir əlaqəmiz yoxdur".

BMT-dəki Xüsusi Siyasi Məsələlər üzrə Alternativ Nümayəndəsi səfir Robert Vud deyib: “Biz [bombardmanla bağlı] təfərrüatları toplayarkən bir şey aydın oldu: İran və onun etibarlı tərəfdaş qrupları regionda gərginliyin artmasının qarşısını almalıdır. Həqiqətən də, oktyabrın 7-də İsrailə qarşı terror hücumundan sonra ABŞ dəfələrlə xəbərdarlıq edib ki, İran vəziyyətdən istifadə edərək İsrail və digər regiona oyunçularına qarşı münaqişənin eskalasiyasından uzaq durmaldır. İran bu xəbərdarlığa məhəl qoymadı”.

“Suriya rejimi və İran tərəfindən dəstəklənən terrorçular və digər silahlı qruplar Suriya ərazisindən İsrailə, ABŞ-ın obyektləri və personalına hücumlar hazırlamaq və həyata keçirmək üçün istifadə ediblər”- deyə, o əlavə edib.

“İranın dəstəklədiyi silahlı Hizbullah mütəmadi olaraq Livandan İsrailə hücum edir. Və təkcə orada deyil”, səfir Vud qeyd edib.

“Qırmızı dənizdə İranın dəstəklədiyi husilər beynəlxalq hüququ pozub və dəfələrlə ticarət gəmilərinə hücum ediblər. İranın dəstəklədiyi qruplar həmçinin ABŞ-ın İraqdakı diplomatik obyektlərinə və İŞİD-lə mübarizə aparan ABŞ hərbçilərinə hücum edib. Bütün bu terrorçu, müvəkkil və ortaq qrupların hərəkətlərində İranın əli aydın görünür”, səfir Vud qeyd edib.

Vud deyib: “Bizim Suriya ərazisindən qonşu ölkələrə hücum etmək üçün istifadə ilə bağlı çoxdankı narahatlıqlarımız var. Məsələn, martın 31-də bir İsrail qırıcısının Suriya istiqamətindən İsrailə doğru irəliləyən şübhəli hava hədəfini ələ keçirdiyi bildirilir. Oktyabrın 7-dən bəri dəfələrlə Suriya ərazisindən İsrailin Qolan təpələri və ətrafındakı mövqelərinə raketlər, silahlı pilotsuz təyyarələr və digər silahların atıldığını görmüşük”.

ABŞ Suriya və İraqda İŞİD-ə qarşı əməliyyatlar aparan ABŞ hərbçilərinə qarşı hücumlara cavab vermək üçün özünümüdafiə addımları atıb. İran və Suriya da daxil olmaqla, bütün dövlətlər gərginlikdən qaçmaq, terrorçu qrupları silahlandırmaq və məsləhət verməkdən imtina etmək, regional sülh və təhlükəsizliyə təhlükə yaradanların hərəkətlərini cilovlamaq üçün məsuliyyət daşıyır