Çin və Rusiya ABŞ-ın Qəzza ilə bağlı qətnaməsinə veto qoyub

Birləşmiş Ştatlar BMT-nin Təhlükəsizlik Şurasının bütün üzvləri ilə məsləhətləşdikdən sonra martın 22-də Qəzza ilə bağlı qətnamə irəli sürüb. Şuranın böyük əksəriyyəti “bəli” səsi verib.

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı Siyasi Məsələlər üzrə Alternativ Nümayəndəsi Robert Vud deyib ki, təəssüf ki, Rusiya və Çin veto hüququndan istifadə etmək qərarına gəlib.

“Rusiya və Çin onlara maneə törətmək üçün bir çox izahat verib. Girovları azad etmək və atəşkəs əldə etmək üçün diplomatiyaya dəstək vermək əvəzinə, ABŞ-a hücum edib. Amma həqiqət budur: Rusiya və Çin hücum edib diqqəti yayındırarkən, ABŞ masa arxasındadır - dərhal atəşkəs əldə etmək və bütün girovları azad etmək üçün çalışır. Biz qollarımızı çırmadıq və diplomatiya ilə məşğul olmağa davam edirik”- deyə, Vud bildirib.

Səfir Vud bəyan edib: “Aydın olaq ki, bu qətnaməyə veto qoyarkən Rusiya və Çin şuranın HƏMAS-ı insanları diri-diri yandırmaqda, konsertdə dinc əhalini güllələməkdə, qadın və qızları, o cümlədən uşaqları zorlamaqda, yüzlərlə insanı girov götürməkdə ittiham etməkdən çəkinib. Rusiya və Çinin dediklərinin əksinə olaraq, ABŞ Qəzzada atəşkəsi dəstəkləyir. Prezident Baydenin dediyi kimi “humanitar vəziyyəti sabitləşdirmək və yaxşılaşdırmaq, günahsız mülki insanları qorumaq üçün dərhal atəşkəs olmalıdır. Biz bilirik ki, buna nail olmağın yolu girovların azad edilməsi ilə bağlı razılığa gəlmək üçün danışıqlardan keçir. Bu cür danışıqlar Misir və Qətərin köməyi ilə davam edir", Vud əlavə edib.

ABŞ-ın hazırladığı qətnamə həm də yardım işçilərinin təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlərin görülməsini tələb edir; Fələstin Administrasiyasının təkcə İordan çayının qərb sahilini deyil, həm də Qəzzanı idarə etməsini dəstəklədiyini və Qəzza ərazisində heç bir dəyişiklik olmamalı olduğunu vurğulayır.

Səfir Vud bəyan edib ki, ABŞ sülhsevər gələcəyin təməlini indidən qoymağa borcludur:

“ABŞ Rusiya və Çinin xırda siyasət yürütmək qərarını rədd edir. Biz regionda sülhün bərqərar olması üçün səylərimizi davam etdirəcəyik. Biz girovların azad edilməsi və atəşkəsin təmin edilməsi üçün danışıqlar masası arxasında qalacağıq. Aclığın başladığı və milyonlarla insanın köməyə ciddi ehtiyacı olduğu bir vaxtda humanitar səylərə kütləvi dəstək verməyə davam edəcəyik. ABŞ Qəzzada sülhü bərpa etmək üçün Təhlükəsizlik Şurasının bütün qətnamələrinin yerinə yetirilməsi üçün təzyiq göstərməyə davam edəcək” - deyə, Vud bildirib.