Çinin Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləməsi narahatlıq doğurur

Birləşmiş Ştatlar çoxdan Çin Xalq Respublikasına açıq şəkildə bildirib ki, ÇXR-in Rusiyanın Ukraynaya təcavüzünə verəcəyi hər bir dəstək ciddi narahatlıqla qarşılanacaq.

Dövlət Departamentinin sözçünün müavini Vedant Patel deyib ki, Birləşmiş Ştatlar “ÇXR Rusiyanın müharibə səylərini dəstəklədiyinə” inanır.

“Çin müdafiə istehsalının artırılmasına kömək etməklə bunu edir. Konkret olaraq ÇXR Rusiyaya xeyli miqdarda dəzgahlar, mikroelektronika, optika, PUA-lar verir. Qanadlı raket texnologiyası və Rusiyanın silah üçün yanacaq istehsalında istifadə etdiyi nitroselüloz. Bu cür dəstək Rusiyanın Ukraynada müharibəsini aktivləşdirir və bu, Avropanın təhlükəsizliyinə ciddi təhlükə yaradır”, Patel deyib.

ABŞ-Çin Münasibətləri üzrə Milli Komitənin iclasında ABŞ Dövlət katibinin müavini Kurt Kempbell qeyd edib ki, ÇXR lideri Şi Tsinpinin ən çox sərmayə qoyduğu münasibətlər Vladimir Putinlədir:

“Onlar dəfələrlə, 50 dəfəyə qədər, yüzlərlə saat görüşüblər. Onlar əsasən Qərb və Birləşmiş Ştatlarla narazılığa əsaslanan tərəfdaşlıq qurmağa çalışıblar”- deyə, o bildirib.

Kempbell bildirib ki, Rusiya ÇXR-in köməyi ilə “demək olar ki, tamamilə yenidən silahlanıb” və indi təkcə Ukrayna üçün deyil, ətraf region üçün də ciddi təhlükə yaradır.

“Rusiyanın hücumları davam etsə və onlar Ukraynada ərazi qazansa, bu, Avropadakı güc balansını bizim nöqteyi-nəzərimizdən açıq şəkildə qəbuledilməz şəkildə dəyişəcək. Biz bunu təkcə Rusiyanın unikal fəaliyyət kompleksi kimi deyil, Çinin, həm də Şimali Koreyanın dəstəklədiyi birləşmiş fəaliyyətlər toplusu kimi görəcəyik,” Kempbell bildirib.

Dövlət katibinin müavini Kempbell deyib: “Biz Çinə birbaşa dedik ki, belə davam etsə, bu, ABŞ-Çin münasibətlərinə təsir göstərəcək. Biz oturub hər şeyin yaxşı olduğunu söyləməyəcəyik”.

Patel qeyd edib ki, Birləşmiş Ştatlar son həftələrdə müttəfiqlərinə və tərəfdaşlarına ABŞ-ın bu məsələ ilə bağlı narahatlıqları barədə məlumat verib.

Bundan əlavə, o, bəyan edib: “Biz Rusiya müdafiə sənayesi bazasına dəstəyi asanlaşdıran üçüncü ölkə banklarını hədəf alan bir sərəncam verdik; biz ÇXR-də müvafiq firmalara sanksiya tətbiq etdik; və [biz] lazım gəldikdə əlavə addımlar atmağa hazırıq”.