İranlı repçi edam cəzasına məhkum edilib

Arxiv fotosu - İstanbulda iranlılara dəstək aksiyası zamanı insanlar əllərində İranda həbs edilmiş iranlı repçi Toumaj Salehinin (sağda) portretləri və İranda etirazlar zamanı öldürülən uşaqların portretləri olan plakatları tuturlar, 26 noyabr 2022.

ABŞ Dövlət Departamentinin 2023-cü ildə insan haqları vəziyyəti ilə bağlı bu yaxınlarda açıqladığı hesabatda İranda ifadə azadlığı “ciddi şəkildə məhdudlaşdırılan” şəxslər arasında dissident iranlı repçi Toomac Salehinin adı çəkilmişdi. Onun işi İran hakimiyyətinin “hökuməti birbaşa tənqid edən və ya insan haqları ilə bağlı narahatlıqlar ifadə edən şəxsləri qorxutmaq və ya təqib etmək üçün qanundan necə istifadə etdiyinə” misal kimi göstərilir.

Dövlət Departamenti qeyd edib ki, 2023-cü ilin sonunda İranın hüquq sistemində ən yüksək cinayətlərdən biri olan “yer üzündə korrupsiya” ilə ittiham olunan Salehi “hökmünü gözləyir”. Bu gözləmə artıq başa çatıb; Salehi barəsində ölüm hökmü çıxarılıb.

Məşhur müğənni və bəstəkar Salehi 2022-ci ilin oktyabrında Məhsa Əmininin polis nəzarətində öldürülməsindən sonra baş verən kütləvi etirazları açıq şəkildə dəstəklədikdən sonra həbs edilib. Əmini hicabını düzgün geyinmədiyi üçün əxlaq polisi tərəfindən saxlanılmışdı. Onun ölümü İranda “Qadın, Həyat, Azadlıq” hərəkatını ilhamlandırdı.

Rejim müxaliflərə qarşı vəhşicəsinə repressiya ilə cavab verdi. Yüzlərlə insan öldürüldü; minlərlə adam həbs olundu və bu günə qədər etirazlarla bağlı 9 nəfər edam edilib.

Musiqisində İran rejiminin repressiyalarını pisləyən Salehi həbs olunan ən tanınmış simalardandır. O, 2023-cü ilin noyabrında İran Ali Məhkəməsinin qərarı ilə girov müqabilində sərbəst buraxılıb, ancaq həbsxanada çəkdiyi işgəncələri təsvir edən videonu yayımladıqdan bir neçə gün sonra yenidən həbs olunub.

Ölüm hökmünü İsfahandakı inqilab məhkəməsi çıxarıb. 2022-ci ildə həbs olunduqdan sonra müxtəlif vaxtlarda yalnız bədii ifadə və yaradıcılıq azadlığı hüququndan istifadə edən Tumac Salehinin işini İran rəsmiləri qarşısında qaldıran BMT ekspertləri “edam hökmünün verilməsindən və Salehi ilə əlaqəli olduğu iddia edilən pis rəftardan” narahat olduqlarını bildiriblər.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Salehi ilə rəftarı “İran rejiminin dəhşətli və geniş yayılmış insan haqları pozuntularının daha bir nümunəsi” adlandırıb.

O, “İran rejiminin insan haqları və əsas azadlıqları boğmaq üçün bir vasitə kimi ölüm hökmündən istifadə etməsini bir daha qınayırıq” deyib və əlavə edib ki, Birləşmiş Ştatlar bu kimi halların nə qədər acınacaqlı olduğunu açıq şəkildə bildirməyə davam edəcək. Beynəlxalq ictimaiyyətlə “biz İran rejimini repressiyalarına görə daha kollektiv şəkildə məsuliyyətə cəlb edə bilərik”.