Rusiyanın qarşısında diplomatiya yolu var

Birləşmiş Ştatlar müttəfiqləri və partnyorları ilə birlikdə Rusiyanın Ukrayanın sərhədində qoşun toplaması səbəbilə yaranan böhranı de-eskalasiya etmək məqsədilə bu həftə Rusiya ilə bir sıra müzakirələr aparıb.

Bu danışıqlara Birləşmiş Ştatlarla Rusiya arasında Strateji Sabitliq Dialoqu, NATO-Rusiya Şurasının görüşü və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında Daimi Şuranın iclası daxildir.

Danışıqlardan öncə müxbirlərlə danışan ABŞ Dövlət katibi Antoni Blinken “Bu böhranı həll etməyin yeganə məsuliyyətli yolu diplomatiyadır” deyib və vurğulayıb ki, "Kreml özünün təhlükəli və sabitliyi pozan davranışı ilə bağlı cavab verməyə hazırdırsa," Birləşmiş Ştatlar, müttəfiqləri və partnyorları da Rusiyanın təhlükəsizliklə bağlı hər hansı legitim narahatlıqlarını dinləməyə və onları həll etməyə çalışmağa hazırdır.

Dövlət katibi Blinken bildirib ki, böhrana Moskvanın aqressiyası, o cümlədən Ukrayna sərhədi yaxınlığında hərbi qüvvələri və avadanlıqlarını toplaması səbəb olub. Bu da, Rusiyanın son iyirmi ildə qonşularına, o cümlədən Gürcüstan, Moldova və Ukraynaya qarşı həyata keçirdiyi bir sıra təcavüzlərdən ən sonuncusudur.

Blinken deyib ki, Rusiyanın Ukraynaya təhdidləri təkcə Ukraynaya təhlükə yaratmır. “Moskvanın addımları Avropa torpağında sülh və təhlükəsizlik üçün mühüm olan əsas beynəlxalq prinsiplərini sual altına alan yeni presedent yaratmaq təhlükəsi yaradır. Bu prinsiplər odur ki, hər hansı bir ölkənin sərhədləri və ərazi bütövlüyü zorla dəyişdirilə bilməz; demokratiyada ölkə qırarlarını vermək və ölkənin gələcəyini müəyyən etmək vətəndaşların hüququdur; ümumi qaydalar beynəlxalq ictimaiyyətin bütün üzvlərinə şamil olunur və onlar üzərlərinə götürdükləri ciddi öhdəliklərə əməl etmədikləri təqdirdə bunun bədəlini ödəməlidirlər.”

Dövlət katibi Blinken açıq şəkildə bildirib ki, Rusiya Ukraynanı yenidən işğal etsə, Birləşmiş Ştatlar və onun müttəfiqləri və partnyorları tərəfindən daha öncə görülməmiş səviyyədə kütləvi iqtisadi və maliyyə sanksiyaları ilə üzləşəcək. “Biz Rusiyanın başqa seçim edəcəyinə ümid edirik,” dövlət katibi Blinken deyib. “Biz Rusiya ilə məzmunlu qarşılıqlı dialoq aparmaq qətiyyətindəyik, həmçinin bütün müzakirələrimizdə və bütün formatlarda müttəfiqlərimiz və partyorlarımız, o cümlədən Avropa İttifaqi ilə məsləhətləşib, koordinasiya etməyə sadiqik. Biz irəliləyiş əldə edə biləcəyimiz məsələlərin olduğuna inanırıq.”