Rusiya müxalifət lideri Aleksey Navalnının, həkimlərin dediyinə əsasən, tibbi komadan çıxması və şifahi stimula reaksiya verməsi xoş xəbərdir. Lakin Charite hospitalının yaydığı bəyanatda bildirilir ki, "ağır zəhərlənmənin potensial uzunmüddətli effektlərini ölçmək hələ çox tezdir."
Cənab Navalnı 20 avqustda Sibirdən Moskvaya uçarkən halının qəfil pisləşməsindən sonra Berlinə çatdırılmışdı. Bu, onun ailəsinin xahişi ilə rus həkimlərin icazəsindən sonra baş vermişdi. Berlində alman həkimlər müəyyən ediblər ki, Rusiya Prezidenti Vladimir Putinin sərt tənqidçisi olan cənab Navalnı Rusiyada istehsal edilmiş kimyəvi silah olan 'Noviçok' qrupuna mənsub olan əsəb maddəsi ilə zəhərlənib.
Alman tibbi ekspertlər öz tapıntılarını açıqladıqldan sonra ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan ”bu əməlin arxasında duran tərəflərin cəzalandırılmasına yönəlik təcili, hərtərəfli və şəfaf təhqiqat” aparılmasına çağırıb.
Ağ Evin Mətbuat Katibi Kayleigh McEnany cənab Navalnının zəhərlənməsini “son dərəcə rəzil” bir hərəkət kimi qiymətləndirib.
"Rusiya kimyəvi əsəb maddələrindən keçmişdə istifadə edib və biz öz müttəfiqlərimiz və beynəlxalq ictimaiyyətlə bu sübutun Rusiyada izinə gedib çıxacaq şəxsləri cavabdeh tutmaq və onların şər fəaliyyətlərini məhdudlaşdırmaq üçün əməkdaşlıq edirik. Rus xalqının öz baxışlarını dinc yolla, heç bir qisas, ələlxüsus kimyəvi maddələrlə qisas qorxusu olmadan ifadə etmək haqqı var,” McEnany bildirib.
Kollektiv addım atılmasına ehtiyacı vurğulayan NATO Baş Katibi Yens Stoltenberq deyib ki, NATO müttəfiqləri cənab Navalnıya bu “dəhşətli “ hücumu qınamaqda “yekdillik nümayiş etdirir”. O, Rusiyanı sui-qəsdin bitərəf və beynəlxaql təhqiqatında iştirak etməyə və məsuliyyət daşıyanları cavabdeh tutmağa çağırıb.
Böyük Yeddiliyin xarici işlər nazirləri də yazılı bəyanatda Rusiyanı təcili olaraq bu dəhşətli zəhərlənmə hücumunda əli olanları müəyyən etməyə, Rusyanın kimyəvi silahlarla bağlı konvensiyaya tərəf olaraq üzərinə götürdüyü öhdəliklərə əsasən məsuliyyət daşıyanları ədalət məhkəməsi qarşısına çıxarmağa çağırıblar.
"Müxalifət lideri Navalnıya edilən bu hücum Rusiyada demokratiyaya və siyasi plüralizmə növbəti ağır zərbədir," G7 bildirib. “Biz Rusiyanın cənab Navalnının zəhərlənməsi ilə bağlı izahat üçün beynəlxalq çağırışlara necə cavab verəcəyini yaxından izləməkdə davam edəcəyik."
Dövlət Katibi Mayk Pompeo G7 nazirlərinin səsinə səs verib: “Bu hücum bu cür silahlardan istifadəni qadağan edən beynəlxalq normalara ziddir.”