Accessibility links

Breaking News

ABŞ Navalnının zəhərlənməsi ilə əlaqədar Rusiyaya əlavə sanksiya tətbiq edib


Birləşmiş Ştatlar Birləşmiş Krallıq ilə birlikdə rusiyalı müxalif fəal Aleksey Navalnının dövlətin dəstəyi ilə zəhərlənməsinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə davam edir.

ABŞ hökuməti hesab edir ki, Rusiyanın FSB zabitləri Noviçok adlı sinir maddəsindən istifadə edərək Navalnın zəhərləyiblər və onun 20 avqust 2020 tarixində Tomsk və Novosibirskdə kampaniya aparandan sonra Moskvaya dönərkən ağır vəziyyətə düşməsinə səbəb olublar.

Navalnı Berlində tibbi müalicədən keçib və yanvar ayında Rusiyaya dönərkən şərti cəzaları pozmaq ittihamı ilə həbs olunub. Saxta olaraq görülən məhkəmə onu iki il yarım müddətinə həbsə məhkum edib.

Navalnının zəhərlənməsindən bir il sonra Dövlət Departamenti Kimyəvi və Bioloji Silahlara Nəzarət və Müharibənin Ləğvi Qanunu altında Rusiyaya qarşı ikinci dəfə sanksiyalar tətbiq edib. Bu sanksiyalara Birləşmiş Ştatlara Rusiyada istehsal olunan və ya yerləşən silah və sursatların daimi idxalına, habelə nüvə və raketlə bağlı texnologiyaların Rusiyaya ixracına məhdudiyyətlər daxildir.

Dövlət Departamenti və Maliyyə Nazirliyi həmçinin doqquz rusiyalı şəxs və dörd qurumu, o cümlədən Navalnının zəhərlənməsində əli olan əməliyyatçılar və Rusiyanın kimyəvi silah imkanlarını inkişaf etdirən qurumlara sanksiya tətbiq edib.

Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin direktoru Andrea Qakki deyib ki, Navalnının zəhərlənməsi “kimyəvi silahlardan istifadə əleyhinə beynəlxalq normaların kobudca pozulması və hazırda Rusiyada davam edən müxalif səsləri boğmaq kampaniyasının bir hissəsi idi.”

Dövlət Departamentinin sözçüsü Ned Praysın dediyinə görə, Rusiyaya tətbiq edilən bu əlavə sanksiyalar “əli olan şəxslər və təşkilatlar daxil olmaqla, kimyəvi silahlardan istifadənin cəzasız qalmayacağına dair açıq mesaj göndərir. Kimyəvi silahlardan istifadə qəbuledilməzdir və beynəlxalq normalara ziddir. Birləşmiş Ştatlar Rusiyanı Kimyəvi Silahlar Konvensiyası altındakı öhdəliklərinə riayət etməyə çağırır”

XS
SM
MD
LG