Bir aydan artıqdır ki, Ukrayna xalqı Rusiya qüvvələrinin mindən çox mülki şəxsin ölümü, şəhər və qəsəbələrin dağıdılması ilə nəticələnən qəddar və əsassız hücumuna tab gətirib və mərdliklə mübarizə aparıb.
Dağıdılmış evlər və dağıntılar altında qalmış və ya küçələrdə ölü yatan ukraynalı kişi, qadın və uşaqların cəsədləri Rusiya prezidenti Vladimir Putinin suveren qonşuya qarşı əsassız müharibə aparmaq qərarı ilə yaratdığı dəhşətə nümunədir.
Ukrayna xalqının iztirabı ilə heç nə müqayisə edilə bilməz. Rusiya xalqı da əziyyət çəkir. Ukraynaya növbəti hərbi müdaxilə zamanı həlak olan minlərlə rus hərbçisinin valideynləri və ailələri övladlarını itirməkdən kədərlənir. Rusiya polisi ölkənin müxtəlif şəhərlərində 15 mindən çox müharibə əleyhinə nümayişçini həbs edib. Rusiya iqtisadiyyatı ciddi iqtisadi sanksiyalara məruz qalıb. Son bir ayda müşahidəçilərin hesablamalarına görə, iki yüz mindən çox rus öz vətənlərini tərk edib.
Prezident Bayden Avropaya son səfərinin sonunda Varşavada etdiyi müraciətdə birmənalı olaraq Ukrayna xalqına “Biz sizinləyik” deyib. Onun Rusiya xalqına da mesajı olub: “Siz bizim düşmənimiz deyilsiniz. Mən sizin günahsız uşaqların, nənə və babaların öldürülməsini alqışladığınıza və ya xəstəxanalar, məktəblər, doğum evlərinin Rusiya raketləri və bombaları ilə vurulmasını və ya mülki əhalinin qaça bilməməsi üçün şəhərlərin mühasirəyə alınmasını qəbul etdiyinizə inanmaq istəmirəm; təchizat kəsilib və ukraynalıları aclığa təslim etməyə çalışılır.
Prezident Bayden deyib ki, “bütün insanlar” və Avropadakı bir çoxları kimi ruslar da İkinci Dünya Müharibəsində Leninqrad və Stalinqradın mühasirəsi ilə bağlı dəhşətləri hələ də xatırlayırlar ərzaq, su və dərmansız,gecələr zirzəmilərə sığınmaq, səhərlər isə bombalanmış evlərin qalıqları altında axtarış aparmaları hələ də yaddan çıxmayıb.
“Vladimir Putinin təcavüzü sizi, rus xalqını dünyanın qalan hissəsindən uzaqlaşdırıb. Bu, ailələriniz və övladlarınız üçün layiq olduğunuz gələcək deyil. . .Bu müharibə sizə, rus xalqına layiq deyil. Putin bu müharibəni bitirə bilər və bitirməlidir. Amerika xalqı sizin və sülh istəyən Ukraynanın cəsur vətəndaşlarının yanındadır” - deyə, Bayden bildirib.