Minlərə mülki vətəndaşın ölümü və ya xəsarət alması, milyonlarla insanın evindən köçməsi, tarixi şəhərlərin dağıntılara məruz qalması və qida qıtlığının yüksək həddə çatması ilə Rusiyanın Ukrayna üzərində müharibəsinin vurduğu zərər davam edir.
ABŞ Dövlət Katibi Antoni Blinkenin sözlərinə görə, “bütün bunların səbəbi prezident Putinin başqa ölkəni fəth etmək qərarı verməsidir.”
Amma Putin öz hədəfinə çatmaqda uğursuz oldu. Dövlət katibi Blinken deyir ki, Ukrayna ordusunun və insanlarının cəsarəti və gücü, o cümlədən Birləşmiş Ştatların və tərəfdaşların ukraynalılara azadlıqlarını müdafiə etmək üçün lazım olan dəstəyi göstərməsi sayəsində Ukrayna suveren və müstəqil qalacaq.
Blinkenin bildirdiyinə görə, müharibə davam etdikcə, Rusiyanın müharibəni başlatmaqla bağlı əsaslandırmalar silsiləsi və hədəflərin daima dəyişməsi göz önündə olan məqamlardandır.
Kremlin son açıqlamasına görə Rusiya Donbas “xalq respublikalarının” yerləşdiyi ərazidən daha çox Ukrayna ərazisinə iddialıdır.
Müharibənin ilk günlərində Rusiya hədəfinin Ukraynanın “denasifikasiyası”, daha sonra isə NATO-dan ehtimal edilən təhdidin qarşısının alınması olduğunu deyirdi.
“Daha sonra müharibənin hədəfinin Donbasda yaşayan entik rusların soyqırımdan qorumaq olduğunu deyirdilər. Bundan öncə isə Ukraynanın rusdilli əhalisinin ən çox olduğu Xarkiv şəhərinə dayanmadan hücumlar həyata keçirirdilər. Amma bunun əsl səbəbi prezident Putinin Ukraynanın müstəqil dövlət olmaması və Rusiyaya məxsus olması ilə bağlı inancıdır.”
Dövlət katibi Blinken Rusiyanın 2014-ci il planına uyğun hərəkət etdiyini vurğulayıb: Nəzarətə götürdüyü ərazilərə qeyri-legitim rəsmilərin təyin edilməsi, sakinləri Rusiya vətəndaşlığına müraciət etməyə məcbur edilməsi, digər ərazilərlə əlaqələrin sabotaj edilməsi.
“Növbəti görəcəyimiz budur. Rusiyanın təyin etdiyi liderlər saxta referendumlar keçirərək, həmin ərazilərdə yaşayan insanların Rusiyaya qoşulmaq istədiklərini bildirəcəklər. Biz Rusiyaya bu cür taktikanın işləməyəcəyini aydın bildirmək üçün cəld addımlar atmalıyıq və atacağıq.”
“Suveren və müstəqil ölkənin ərazisinin zorakı yolla ilhaqı Birləşmiş Millətlər Təşkilatınının nizamnaməsinin kobud pozulmasıdır,” Dövlət Katibi Blinken bildirib. “Bu nizamnaməyə və beynəlxalq hüquqa riayət etmək öhdəliyi götürmüş beynəlxalq icmanın üzvlərinin məsuliyyətidir ki, Rusiya hökumətinin bu planlarını qınasınlar və bu qanunsuz addımların tanınmayacağını aydın şəkildə bildirsinlər. Əks halda heç kəs Rusiyanın bu planla hərəkət etdiyi zaman təəccüblənməsin.”