Afrika Buynuzu ərazisində yaşayan 20 milyona yaxın insan qida qıtlığı böhranı ilə üz-üzədir. Bu ərazi ard-arda dörd quraqlıqdan əziyyət çəkib və oktyabrda beşinci quraqlığın baş verəcəyini gözləyir. Bu yaxınlarda Somali və Keniya kimi ən ciddi təsirə məruz qalan bölgələrə səfər edən Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratoru Samanta Pauer Buynuz ərazisində ildə iki yağışlı mövsüm olduğunu deyir. Vaşinqtonda danışarkən Pauer vurğulayıb ki, tarixdə ilk dəfədir ki, Afrika Buynuzu dörd ardıcıl uğursuz yağışlı mövsümdən əziyyət çəkir.
“Bu gün otlaqlar toza çevrilir və bu İncildə qeyd olunan səhnələrə bənzəyir. Zəifləmiş ferma heyvanları xəstəlikdən tələf olur. İndiyədək Efiopiya, Keniya və Somalidə ən azı 7 milyon mal-qara tələf olub. Onların qidalanması üçün kifayət qədər su və ot yoxdur.”
Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə ABŞ hökuməti regionun ən çox zərər çəkmiş üç ölkəsinə: Efiopiya, Keniya və Somaliyə $1,2 milyard dollar dəyərində əhəmiyyətli humanitar yardım göstərməkdədir. İnsanların həyatını xilas etmək üçün erkən humanitar sərmayələr olduqca önəmlidir.
Təkcə bu il ərzində, Birləşmiş Ştatlar Efiopiyada tarixi quraqlıqda sağ qalmağa çalışan 8,1 milyondan çox insana 668 milyon dollar yardım göstərməkdədir.
Keniyada quraqlıq 4 milyondan çox insanı aclıq həddinə çatdırıb. Ən çox zərər çəkənlər quraq və yarı-quraq ərazilərin icmalarıdır. Mayın sonuna qədər məhsulun təxminən 70 faizi, azı 2,4 milyon mal-qara tələf olub. USAID Keniya xalqına təcili ərzaq və digər mühüm humanitar və inkişaf yardımı üçün təxminən $255 milyon dollar ayırır.
Somalidə isə bu böhrandan 7,1 milyon insan əziyyət çəkir. 3 milyondan çox kənd təsərrüfatı heyvanı tələf olub və ilin sonuna kimi 1,4 milyon uşaq kəskin qida çatışmazlığı ilə üzləşir.
USAID Somali xalqına kritik humanitar və inkişaf üçün $476 milyon dollar ayırır. Bu, cari il ABŞ-ın ümumi yardımını $707 milyon dollara çatdırır.
Bu humanitar yardım Birləşmiş Ştatların Efiopiya, Keniya və Somali xalqlarının rifahına davam edən öhdəliyini nümayiş etdirir. “Biz digər tərəfdaş hökumətləri genişmiqyaslı aclığın və milyonlarla ölümün qarşısını almaq üçün öz öhdəliklərini əhəmiyyətli dərəcədə artırmaqda bizə qoşulmağa çağırırıq,” Administrator Pauer qeyd edib.