Accessibility links

Breaking News

Kolumb Günü - 2022


1492-ci ilin oktyabr ayının 12-də Xristofor Kolumbun rəhbərliyi altında üç ispan gəmisi indiki Baham adalarının bir adasına yan aldı. ABŞ-da hər il Kolumb Günü kimi qeyd olunan bu hadisə Kolumb mübadiləsi kimi tanınan və dünyanı dəyişdirən qidalar, heyvanlar, bitkilər, xalqlar və xəstəliklərin geniş, qlobal mübadiləsinə başlayıb. Bu səbəbdən bir çox tarixçi 1492-ci ili müasir dünya tarixində ən əlamətdar il hesab edir.

Dünya əhalisi 1492-ci ildən bəri dörd dəfədən çox, 1650-1850-ci illər arasında iki dəfə artıb. Bir sıra töhfə verən amillər bu qədər böyük artıma yol açsa da, ən əhəmiyyətlisi artan və təkmilləşdirilmiş ərzaq təminatıdır. Qarğıdalı, kartof, pomidor, fıstıq, ananas, bibər və kakao paxlası kimi yerli Amerika qida bitkilərinin qida təchizatına əlavə edilməsi ən mühüm amil idi.

Kartof Mərkəzi və Şimali Avropada yoxsullar üçün ən vacib qida mənbəyi olub. Qarğıdalı və yuka XVI əsrdə Afrikaya aparılıb və qitənin ən vacib qida məhsulları kimi ənənəvi Afrika bitkilərini əvəz edib.

Çinə Yeni Dünya qida bitkilərinin, xüsusən də kartof, qarğıdalı və fıstıqların gətirilməsi 1500-1650-ci illər arasında əhalinin artımı ilə nəticələnib. XVIII əsrə qədər dünya əhalisinin üçdə birindən çoxu Çində yaşayırdı.

Kolumb mübadiləsi qloballaşaraq dünyanın hər bir yerinə yeni ərzaq təqdim edirdi. 1492-ci ilə qədər Floridada portağal, Ekvadorda banan, Macarıstanda paprika yox idi. Mübadilə İtaliyaya pomidor, Kolumbiya və İndoneziyaya qəhvə, Havayaya ananas, Afrikaya rezin ağacları, Tailand, Çin və Hindistana çili bibəri, İsveçrəyə şokolad gətirib.

Üç kiçik gəminin Baham adalarına gəlməsi tarixdə görünməmiş dəyişikliklərə səbəb olub. O, təkcə yeni qitənin kəşfinə görə deyil, həm də yerin yarımkürələri arasında müntəzəm əlaqə yaratdığına, ticarətə yol açdığına, fikir mübadiləsinə imkan verdiyinə, əlaqələr və görüşlər yaratdığına görə gələcək əsrlər boyu bəşəriyyətin gələcəyini formalaşdırıb.

1492-ci ildə dünya xalqları qlobal bir cəmiyyət kimi bir araya gəlməyə başlayıb və bu, bütün xalqlar üçün böyük əhəmiyyət kəsb edir.

XS
SM
MD
LG