Vladimir Putinin 2022-ci ilin fevralında Ukraynaya tam-miqyaslı hərbi müdaxiləsinin ilk günlərindən etibarən Rusiya mülki vətəndaşlar və mülki infrastruktura zərbələr endirərək, yaşayış binaları, məktəblər, xəstəxanalar, elektrik şəbəkəsi və su sistemlərinə ziyan vurub.
Noyabrın 14-də BMT Baş Assambleyası Rusiyanın beynəlxalq hüququ pozduğuna görə məsuliyyətə cəlb edilməsini və Ukraynada beynəlxalq hüquqa zidd hərəkətlərinin hüquqi nəticələrini daşımasını tələb edən qətnamə qəbul edib. Qətnamədə Rusiyanın ziyan, ölüm və xəsarətlərə görə təzminat ödəməsi üçün beynəlxalq mexanizmin zəruriliyi qeyd olunub və dəlil və iddiaları sənədləşdirmək üçün zərərlərin reyestrinin yaradılması tövsiyyə olunub.
ABŞ-ın BMT-dəki nümayəndəsinin müavini Riçard Mills ABŞ-ın məcburi olmayan qətnamənin lehinə səs verməsinin səbəbini izah edərkən deyib ki, “Rusiyanın dağıdıcı zərbələri Ukraynanın bütün şəhər və qəsəbələrini vurur,… qış yaxınlaşdığı bir vaxt, kritik enerji infrastrukturunda əhəmiyyətli dərəcədə dağıntılara səbəb olur.”
“Rusiyanın qonşusu və BMT-yə üzv ölkəyə əsassız və qanunsuz müdaxiləsinin, dəhşətli insan tələfatı da daxil olmaqla, artan bədəlləri son dərəcə yüksəkdir. Bu günə qədər minlərlə insan həlak olub, milyonlarla insan didərgin düşüb və saysız-hesabsız insan itkin düşüb. Vəhşiliklər və məcburi deportasiya, uşaqların qəsdən ailələrindən ayrılması və oğurlanması, Rusiyada zorla övladlığa verilməsi, işgəncələr və doğum evlərinin bombalanması da daxil olmaqla digər sui-istifadə halları barədə məlumatlar çoxalır.”
“Zərərlər reyestrinin yaradılması ilə bağlı tövsiyə bu lazımsız müharibənin Ukrayna və onun xalqına vurduğu böyük zərərin tam miqyasını qiymətləndirmək üçün iddialara baxılması mexanizminin yaradılması istiqamətində mühüm ilkin addımdır,” səfir Mills deyib.
Ukrayna bir gün yenidən qurulacaq; məsələ bunda deyil. Məsələ ondadır ki, bizim üçün, beynəlxalq ictimaiyyət üçün bu lüzumsuz dağıntıya görə günahkarı cavabdeh tutmaq vacibdir. Cavabdehlik bu müharibənin istənilən həllinin vacib komponentidir. Bu qətnamənin qəbul olunması həm də beynəlxalq sülh və təhlükəsizliyin gələcəkdə pozulmasına qarşı çəkindirici rol oynayır və barışığa kömək edir.”
“Beynəlxalq ictimaiyyət Rusiyanı Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozduğuna və Ukrayna xalqına qarşı törədilən ziyana və sui-istifadələrə görə cavabdeh tutmalıdır,” səfir Mills deyib. "Bu qətnamə hesabatlılığa doğru atılan kritik bir addımdır."