Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən doqquz ay sonra Rusiya qoşunları minlərlə dinc sakini öldürüb və ya yaralayıb; ən azı 13 milyon Ukrayna vətəndaşını evlərini tərk etməyə məcbur edib, su və elektrik enerjisini saxlamaq üçün zəruri olan infrastrukturu bombalayıb; xəstəxanaları, məktəbləri və yaşayış binalarını vurub və tarixi şəhərləri yerlə-yeksan edib.
ABŞ Dövlət Departamentinin Qlobal Cinayət Ədliyyəsi ilə bağlı xüsusi tapşırıqlar üzrə səfir Bet Van Şaak bildirib ki, Ukraynaya qarşı təcavüz Rusiya qüvvələrinin yerləşdirildiyi hər bir regionda baş verən sistemli hərbi cinayətlərlə müşayiət edilib.
"Biz mülki şəxslərə və hərbi əsirlərə qarşı rəftarın, həmçinin bu cinayətləri ört-basdır etmək səylərini görürük. Bizdə vətəndaşların əlləri bağlı edam üsulu ilə öldürülməsi ilə bağlı xəbərlər var. İşgəncə əlamətləri olan bədənlər var. Gender əsaslı zorakılıq, o cümlədən qadınlara və uşaqlara qarşı cinsi zorakılığa dair dəhşətli məlumatlarımız var", səfir Van Şaak bildirib.
Ukrayna Baş Prokurorluğu artıq müharibə cinayəti sayıla bilən minlərlə insident müəyyən edib.
Rusiya hökuməti həmçinin minlərlə Ukrayna vətəndaşını ölkə boyu geniş filtrasiya əməliyyatlarına məruz qoyub. Bu əməliyyatların bir hissəsi kimi fiziki və psixoloji zorakılıqlar, o cümlədən edamlar, qaçırılan və övladlığa götürmə yolu ilə rusiyalı ailələrə qoşulmağa məcbur edilən minlərlə ukraynalı uşaq da daxil olmaqla, Ukrayna vətəndaşlarının zorla köçürülməsi və deportasiyası barədə inandırıcı məlumatlar var.
Bu məlumatlar Rusiya qüvvələrinin olduğu hər yerdə pozuntularla bağlı narahatedici mənzərəsini əks etdirir. Bu pozuntular Kremlin Çeçenistan, Suriya və Gürcüstandakı əvvəlki hərbi əməliyyatları ilə bağlı bildirilənlərə uyğundur.
Birləşmiş Ştatlar Ukraynadakı vəhşilikləri araşdırmaq üçün bir sıra beynəlxalq səyləri dəstəkləyir. Buraya Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən davam edən araşdırmalar da daxildir. Belə ki, Ukrayna onun yurisdiksiyasına razılıq verib. Birləşmiş Millətlər Təşkilatının Ukrayna ilə məşğul olan Təhqiqat Komissiyası, eləcə də BMT-nin İnsan Haqları Monitorinq Missiyası var. Avropalılar Eurojust şəbəkəsi vasitəsilə birgə təhqiqat qrupu yaradıb ki, bu qrup bu yaxınlarda beynəlxalq cinayətlərin törədilməsinə dair dəlillər bazası kimi xidmət etmək üçün öz nizamnaməsini hazırlayıb və ona düzəlişlər edib.
Birləşmiş Ştatlar həmçinin Ukrayna Baş Prokurorluğunun Rusiyanın Ukraynadakı vəhşiliklərinin sənədləşdirilməsinə və təhqiqatına yardım səylərinə güclü texniki dəstək verir. Bu səylər bir-birini tamamlayır və həlledici əhəmiyyətə malikdir.
Dünya Rusiyanın Ukraynadakı vəhşiliklərinə görə məsuliyyətə cəlb edilməsi imperativi ətrafında birləşib.