Accessibility links

Breaking News

ABŞ Vaqner qrupuna qarşı sanksiyaları genişləndirir


ABŞ Yevgeni Priqojinin rəhbərlik etdiyi yarım-hərbi Vaqner qrupuna qarşı sanksiyaları genişləndirir.

Kreml tərəfindən dəstəklənən qrup üzvləri Ukraynada və dünyanın digər ölkələrində vəhşiliklər və insan haqları pozuntuları törədib. ABŞ sanksiyaları Vaqnerin əsas infrastrukturunu və əlaqəli cəbhə şirkətlərini, onun qızıl və almaz sektorları ilə əlaqələrini, Ukraynadakı hərbi əməliyyatlarını, Rusiya silah istehsalçılarını və Ukraynada Rusiya tərəfindən işğal olunmuş əraziləri idarə edənləri hədəf alır.

Dövlət katibi Antoni Blinken deyib: “Bu hərəkət Moskvanın Ukraynaya qarşı müharibə aparmaq qabiliyyətini azaltmaq, Rusiyanın işğalçı müharibəsinə və bununla bağlı sui-istifadələrə görə məsuliyyət daşıyanları ədalət qaşısına çıxarmaq və Rusiyanın müdafiə sektoruna əlavə təzyiq göstərmək məqsədimizi dəstəkləyir”.

Ağ Evin məlumatına görə, Vaqner qrupu Ukraynaya 50 min adam, o cümlədən 10 min müqaviləli əsgər və Rusiya həbsxanalarından cəlb edilmiş 40 min məhbus göndərib. Dövlət Departamentinin bu yaxınlarda elan etdiyi sanksiyalar bir sıra əsas Vaqner infrastrukturunu, o cümlədən Vaqnerin təbliğat təşkilatı olan aviasiya firmasını və Vaqner cəbhə şirkətlərini hədəf alır.

Bundan əlavə, Dövlət Departamenti Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə təhlükə yaradan hərəkətlərə görə Rusiya Federasiyasının 531 üzvünə viza məhdudiyyəti tətbiq etmək üçün addımlar atdığını açıqlayıb.

Eyni zamanda, Maliyyə Nazirliyi Vaqner qrupunun Mərkəzi Afrika Respublikasında mülki şəxslərə qarşı zorakılığa görə məsuliyyət daşıdığını bildirib. Birləşmiş Ştatlar ilk dəfə olaraq Vaqner qrupunu böyük transmilli cinayət təşkilatı kimi təyin edərək qruplaşmaya qarşı mövcud sanksiyaları gücləndirib.

Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, "Vaqner personalı Mərkəzi Afrika Respublikası və Malidə kütləvi edamlar, zorlama, uşaq oğurluğu və fiziki zorakılıq da daxil olmaqla, davamlı olaraq ciddi cinayət fəaliyyəti ilə məşğuldur."

ABŞ-ın Vaqner qrupuna qarşı uzadılmış sanksiyaları qrupun Afrikada və Rusiyanın Ukraynadakı amansız müharibəsi də daxil olmaqla, transkontinental təhlükəni qəbul edir.

Dövlət katibi Blinken deyib ki, “Birləşmiş Ştatlar Rusiyanın təcavüzünə və bütün dünyada sabitliyi pozan digər hərəkətlərə qarşı durmaq əzmində sarsılmazdır”.

XS
SM
MD
LG