Beynəlxalq Atom Enerjisi Agentliynini (BAEA) baş direktoru Rafael Mariano Qrossi bu yaxınlarda bildirmişdi ki, Ukraynada Rusiya tərəfindən işğal edilmiş Avropanın ən böyük Zaporijye Atom Elektrik Stansiyasında vəziyyət "son dərəcə kövrək və təhlükəli olaraq qalır.
"Bölgədə hərbi əməliyyatlar davam edir və "yaxın gələcəkdədaha da arta bilər" - deyə, o xəbərdarlıq edib.
ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild qeyd edib ki, Rusiya Zaporijye elektrik stansiyasının təhlükəsiz istismarına "açıqcasına etinasızlığını nümayiş etdirməkdə" davam edir: "Keçən ilin martından Rusiya Zaporijye zavodunu qanunsuz olaraq ələ keçirəndən bəri beynəlxalq ictimaiyyət hər dəfə obyekt mərmilərə tuş gələndə, hər dəfə xarici gücünü itirəndə, Rusiya qüvvələri hər dəfə əsas işçiləri saxladıqda nəfəsini tutur. Son məlumatlar göstərir ki, Moskva Zaporijyenin həyati vacib radiasiya monitorinqi sensorlarını ayırıb, bu da zavodun məlumatlarının indi Rusiyanın nüvə tənzimləyicisinə göndərilməsi deməkdir. Rusiyanın ehtiyatsız hərəkətləri Ukraynanın məsuliyyətli davranışı ilə tamamilə ziddiyyət təşkil edir" - deyə, səfir Tomas-Qrinfild bəyan edib.
"Bu münaqişə boyu baş direktor Qrossi Ukraynanın bütün nüvə obyektlərində mühafizə tədbirlərinin həyata keçirilməsində tam əməkdaşlıq etdiyini və agentliyin Ukraynada nüvə silahlarının yayılması ilə bağlı heç bir narahatlıq əlaməti tapmadığını açıq şəkildə bildirdi. Şübhə yoxdur ki, Rusiyanın hərəkətləri regionun və dünyanın təhlükəsizliyinə hücumdur. Biz birlikdə dayanmalı və prezident Putindən bu çılğınlığa son qoymağı tələb etməliyik", səfir Tomas-Qrinfild əlavə edib.
"Əgər Rusiya Zaporijyedə nüvə riskini azaltmaqda ciddi olduğunu göstərmək istəsə, o, silahlarını, mülki və hərbi personalını stansiyadan çıxarmaq, Ukraynanın nəzarətində olan ərazidən stansiyanı fasiləsiz enerji ilə təmin etmək üçün addımlar ata bilər. Stansiyada ukraynalı personalı rotasiya etmək, stansiyanın radiasiya monitorinq sistemlərini yenidən birləşdirmək və zavoda tam nəzarəti Ukraynanın səlahiyyətli orqanlarına qaytarmaq üçün humanitar dəhliz açılmalıdır".
Səfir Tomas-Qrinfild Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək niyyətindən dərin narahatlığını ifadə edib. Nüvə fəlakətinin qarşısını almaq və Ukraynaya qarşı təcavüzkar müharibəni dayandırmaq tamamilə Moskvanın nəzarətindədir. ABŞ Ukrayna xalqının yanında olmaqda davam edəcək.