Accessibility links

Breaking News

ABŞ iranlı məhbus Vahid Əfkarinin azad edilməsinə çağırıb


ABŞ haqsız yerə həbs edilən iranlı məhbus Vahid Əfkarini azad etməyə çağırıb.

Vahid ABŞ-ın “vicdansız hərəkət” adlandırdığı 2020-ci ildə İran hakimiyyəti tərəfindən gizli şəkildə edam edilən çempion güləşçi Navid Əfkarinin qardaşıdır.

Navid və Vahid, eləcə də üçüncü qardaşları Həbib 2018-ci ildə Şirazda dinc şəkildə etirazlara qoşulduqdan sonra həbs edilib. Həmin vaxt nümayişlər iqtisadi məsələlərə görə alovlanmış və rejimin repressiv idarəçiliyinə etiraz olaraq genişlənmişdi.

Navid Əfkari törətmədiyi cinayətləri etiraf etməsi üçün işgəncələrə, ədalətsiz məhkəməyə məruz qalıb. Vahid və Həbib Əfkari onilliklər müddətinə azadlıqdan məhrum edilib. Həbib 550 gün təkadamlıq kamerada qaldıqdan sonra 2022-ci ilin martında azad edilib.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel qeyd edib ki, “Vahid Əfkari indi 1000 gündür ki, təkadamlıq kamerada saxlanılır. Qardaşı [Navid] kimi Vahid də haqsız yerə həbs edilib və saxta etiraflar vermək üçün işgəncələrə məruz qalıb və ədalətsiz məhkəmədən sonra 33 il 9 ay həbs və 74 şallaq zərbəsi ilə cəzalandırılıb. Vahidlə rəftar ədalətlə maraqlanmayan, lakin sadə mülki əhalinin və etirazçıların qəlbində qorxu yaratmağa çalışan İslam Respublikasının məhkəmə hakimiyyətinə xasdır”.

2017 və 2018-ci illərdə İranda keçirilən nümayişlər 2009-cu ilin Yaşıl İnqilabından bəri ən böyük etirazlar olub. Nümayişlər 2022-ci ilin sentyabrında iyirmi iki yaşlı kürd əsilli iranlı Məhsa Əmininin polis nəzarətində ikən öldürülməsindən sonra rejim əleyhinə baş qaldıran ümummilli etiraz aksiyaları ilə üstələnib. Həmin etirazlarda on minlərlə insan həbs olunub.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi 2022-ci ilin sentyabrından bəri dinc nümayişlərin yatırılmasında iştirak edən İran rejimi, onun təhlükəsizlik elementləri və rəsmilərinə qarşı 11 raund sanksiyalar tətbiq edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Patel "İran rejiminin "hədsiz insan haqları pozuntularına" görə cavabdehlik daşıması üçün addımlar atmağa davam edəcəyik" deyib.

Bu arada o, ABŞ-ın Vahid Əfkarinin işinə diqqət çəkmək istədiyini bildirib.

“Biz bir daha İran hakimiyyətini Vahidi və insan hüquqlarını, o cümlədən ifadə azadlığını həyata keçirdikləri üçün həbsdə qalan bir çox gənc də daxil olmaqla, bütün iranlıları azad etməyə çağırırıq”- deyə, o əlavə edib.

XS
SM
MD
LG