2022-ci ilin fevralında Rusiyanın tammiqyaslı və əsassız hərbi müdaxiləsindən sonra Ukraynaya dördüncü səfəri zamanı Dövlət katibi Antoni Blinken ABŞ-ın ümumi məbləği 1 milyard dollardan çox olan yeni yardım paketini açıqlayıb.
“Birləşmiş Ştatlar Ukraynaya öz gələcəyini yazmaq imkanı verməyə sadiqdir. Prezident Putinin amansız və davam edən müharibəsində ABŞ və Ukrayna hər zamankından daha güclü və hər gün böyüyən tərəfdaşlıq qurub”, Blinken bildirib.
Yardım paketinə 175 milyon dollar daxildir ki, bu da Ukraynanın hava hücumundan müdafiəsinə əhəmiyyətli dəstək verəcək. Buraya uzunmüddətli hərbi ehtiyacları dəstəkləmək üçün 100 milyon dollar xarici hərbi maliyyə və minatəmizləmə humanitar yardım üçün 90,5 milyon ABŞ dolları daxildir.
“Ukrayna indi dünyanın ən çox minalanmış ölkəsidir. Rusiya silahları yüzlərlə dinc sakini öldürüb və milyonlarla insanı illər, hətta onilliklər boyu təhlükə altına alıb”, Blinken deyib.
ABŞ həmçinin Ukraynaya azad edilmiş ərazilərdə hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün 300 milyon dollar verəcək və korrupsiyaya qarşı mübarizə, qanunun aliliyi və hesabatlılığa yönəlmiş əsas islahatları dəstəkləyən təsisatlara yardım üçün 203 milyon dollar ayırıb.
Bundan əlavə, ABŞ oliqarxların müsadirə edilən 5,4 milyon dollar məbləğində aktivlərini Ukrayna hərbi veteranlarına dəstək üçün köçürəcək.
Dövlət katibi Blinken deyib: “Putinin işğalçı müharibəsinə şərait yaradanlar bunun bədəlini ödəməlidir”.
Birləşmiş Ştatlar Rusiyanın hazırkı təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstəyini maksimum dərəcədə artıraraq, Ukraynaya təcavüzün qarşısını ala və ondan qoruya biləcək gələcək güc yaratmağa kömək etmək niyyətindədir.
Daha 28 ölkə G7-nin Ukraynaya dəstək bəyannaməsi vasitəsilə oxşar öhdəliklər götürüb.
Dövlət katibi Blinken Ukrayna xalqına müraciət edərək deyib: “Son 20 ayda ölkənizin sağ qalmasını təmin etmək üçün sizinlə birlikdə olduğumuz kimi, gələcəyinizi müəyyənləşdirərkən azad, möhkəm, firavan Ukraynanı yenidən qurarkən də sizinlə birlikdə olacağıq”.