Birləşmiş Ştatlar rus dissident və siyasi məhbus Aleksey Navalnının yox çıxdığın dair xəbərlərdən “dərindən narahat”dır. Dekabrın 11-də Navalnın sözçüsü onun vəkillərinin günlərdir onunla əlaqə saxlaya bilmədiyini və Navalnının öncədən təyin olunan məhkəmə günündə videogörüntü vasitəsilə məhkəməyə qoşulmadığını bildirib.
Navalnı Rusiya lideri Vladimir Putinin ən tanınmış tənqidçisi və siyasi rəqibi, habelə Rusiyanın aparıcı anti-korrupsiya fəalıdır. Navalnı on il boyunca hakimiyyət orqanları tərəfindən təqiblərə məruz qalandan sonra, 2020-ci ildə Rusiyada Noviçok kimyəvi agenti ilə zəhərlənmə ilə sui-qəsd cəhdindən sağ çıxdı. Almaniyada müalicə alandan sonra o, Rusiyaya dönməkdə israr etdi və orada dərhal saxlanılaraq, saxta, siyasi motivli ittihamlarla həbs edildi.
2023-cü ilin avqustunda Navlan ekstremizm ittihamları ilə əlavə 19 il həbsə məhkum edildi. O, həbs cəzasını Moskvanın şərqində həbs düşərgəsində, uzun müddət təkadamlıq kamerada saxlanılmaq kimi, son dərəcə sərt şəraitdə çəkir. Onun vəkillərinə nəhayət onun artıq həmin həbs düşərgəsində olmadığı barədə məlumat verilsə də, səlahiyyətlilər onun hara köçürüldüyünü deməyib.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller müxbirlərə deyib ki, Birləşmiş Ştatlar Navalnının rifahından ötrü “dərin narahatdır.”
“Biz Rusiya hökumətinə çatdırmışıq ki, cənab Navalnın başına gələnlərə görə onlar cavabdehdir,” o deyib. “Biz dəfələrlə cənab Navalnının ailəsi, həmkarları və dünya boyu tərəfdarlarına qoşularaq onun dərhal qeydsiz-şərtsiz azadlığa buraxılmasına və Rusiya hökumətinin Rusiyada öz insan hüquqlarından istifadə etdiklərinə görə amansız təqiblərə və hədələrə məruz qalan müstəqil səslərə qarşı davamlı repressiyaya son qoymasına çağırmışıq.”
Bu ilin əvvəlində Birləşmiş Ştatlar Rusiyada “500-dən çox siyasi məhbus”un saxlanılmasını qınayıb. Sözçü Miller deyib ki, Birləşmiş Ştatlar Rusiyada qanunsuz saxlanılan hər bir kəsin işini təqib etməyə davam edəcək.”