Accessibility links

Breaking News

Azərbaycanda daha çox səslər boğulur


Toplum TV-nin ofisində axtarış
Toplum TV-nin ofisində axtarış

Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ-ın Azərbaycan polisinin müstəqil media orqanının ofisində axtarış aparması, çox sayda müstəqil jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını həbs etməsi ilə bağlı xəbərlərdən "dərindən narahat" olduğunu bildirib.

Martın 6-da polis Toplum TV-nin ofisində axtarış apararaq, orada işləyən 10-dan çox jurnalisti saxlayıb. Daha sonra Toplum TV-nin ofisinin qapısı möhürlənib. Həmin gün polis məqsədi seçki demokratiyasına əsaslanan mərkəzləşdirilməmiş və dünyəvi respublika qurmaq olan Üçüncü Respublika Platforması-nın bir neçə üzvünü saxlayıb. Demokratiya tərəfdarı olan NİDA vətəndaş təşkilatının üzvləri də saxlanılıb.

Jurnalistlərdən və vətəndaş cəmiyyəti fəallarından bir neçəsi gecə sərbəst buraxılsa da, digərləri polis nəzarətində qalıb.

Toplum TV-nin baş redaktoru, tanınmış araşdırmaçı jurnalist, Azad Avropa/Azadlıq Radiosu-nun keçmiş büro rəhbəri Xədicə İsmayılovadır. İsmayılovanın özü də hökumətin yüksək səviyyəsində korrupsiya hallarını işıqlandırdığına görə Əliyev rejimi tərəfindən təzyiqlərə məruz qalıb və saxta ittihamlarla həbs edilib. Axtarışlara və son həbslərə münasibət bildirən İsmayılova "Baş verənlərlə bağlı ağlabatan izahat yoxdur. Görünür tənqidi fikirlər üçün heç bir platforma qalmasın deyə [hakimiyyət] ölkədə müstəqil medianı tamamilə ləğv etmək istəyir. Biz heç bir qanunsuz fəaliyyətlə məşğul olmamışıq" deyib.

Hakimiyyətin müstəqil medianı ləğv etmək niyyəti belə görünür son aylar güclənib. Noyabr ayından bəri Əliyev rejimi hökuməti tənqid edən çox sayda jurnalisti həbs edib və digərlərini dindirməyə çağırıb. Onların arasında müstəqil anti-korrupsiya media orqanı Abzas Media-nın rəhbərliyi də olub. Vətəndaş cəmiyyətlərinin tanınmış nümayəndələri də hədəf alınıb.

Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanda müstəqil jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının son həbslərindən "dərindən narahatdır".

"Biz jurnalistləri, vətəndaş cəmiyyəti təmsilçilərini və müxalifət xadimlərini qorxutmaq, repressiyalara məruz qoymaq və cəzalandırmaq cəhdlərinə qarşı kəskin etirazlarımızı bildirməliyik. Biz Azərbaycanı öz fundamental azadlıqlarından istifadə edənlərə qarşı təzyiqlərə son qoymağa və siyasi motivli işlərdə haqsız yerə həbs edilən bütün şəxslərin azadlığa buraxılmasına çağırırıq" - deyə, Miller bildirib.

Sözçü "Heç kim ifadə azadlığından istifadə etdiyinə görə həbs və ya digər cəza ilə üzləşməməlidir" deyib.

XS
SM
MD
LG