Rusiyanın Ukraynaya qarşı müharibəsindən iki ildən çox vaxt keçsə də, görünür, müharibə edən tərəflər münaqişəni sona çatdırmaq üçün danışıqlara az meyl göstərirlər. Beləliklə, sual yaranır ki, bu məqamda Ukraynada sülhə gedən yol varmı?
"Bu, daha çox Vladimir Putindən və onun nə qərar verəcəyindən asılıdır. Düşünürəm ki, Putin Ukraynanı və Ukrayna tərəfdarlarını üstələyə biləcəyinə inanır", Dövlət katibi Antoni Blinken bildirib.
"Əlavə büdcə haqda müraciətin təmin edilməsində uğurun qazanılması bizim heç bir yerə getmədiyimizi, dəstəyin davam etməsi, 61 və ya daha çox milyard dolların ayrılmasında irəliləyişi nümayiş etdirir. Bu, çox vacibdir, çünki düşünürəm ki, bu, doqquz ay və ya daha uzun müddət çətinlik çəkən ukraynalılar üçün həm praktiki, həm də psixoloji stimuldur, bu, həm də dəstəyin qaldığının və davam edəcəyinin bariz göstəricisidir”, ABŞ Dövlət katibi bildirib.
Blinken deyib: “Biz Ukraynanın uzunmüddətli perspektivdə güclü olması, hərbi, iqtisadi və demokratik baxımdan öz ayaqları üzərində möhkəm durması üçün çalışırıq."
"Hərbi baxımdan – bizim dərhal göstərdiyimiz dəstək və avropalıların təmin etdiyi dəstək xaricində avropalı tərəfdaşlar, Asiyadakı tərəfdaşlar və digərlərinin bizim etdiyimiz qədər və daha çox işlər gördüyü və bunu davam etdirdiyi Ukraynada olduğu kimi daha yaxşı yük bölgüsü nümunəsi görməmişəm. Bizim Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişləri üzrə danışıqlar aparan və tezliklə başa çatdıracaq 30-dan çox ölkəmiz var”, Blinken qeyd edib.
"Eyni zamanda, biz Ukraynanın özəl sektorlarına sərmayələr cəlb edirik. Çətin şəraitə baxmayaraq, böyük imkanlar var və biz buna böyük maraq görürük. Ukrayna faktiki olaraq Qara dəniz vasitəsilə 2022-ci ilin fevralından daha çox ixracat edir. Gəlirlər dövlət xəzinəsinə daxil olur. Siz Ukraynanın iqtisadi cəhətdən güclü olacağı bir gələcək görə bilərsiniz", Blinken bildirib.
"Demokratiya istiqamətində isə Avropa İttifaqı Ukrayna ilə üzvlük danışıqlarını başlatdı və bu, Ukraynanın demokratiyasını dərinləşdirməyin ən yaxşı yoludur"- deyə, Blinken əlavə edib.
“Bütün bunlar Putinə verilə biləcək ən sərt cavabdır, çünki bu cavabda Ukraynanın nəinki sağ qalacağı, həm də irəlidə inkişaf edə biləcəyi deyilir. Ümid edirəm ki, cənab Putin mesajı anlayıb, beynəlxalq ictimaiyyət və BMT nizamnaməsinin mərkəzində dayanan əsas prinsiplər olan suverenlik, ərazi bütövlüyü, müstəqilliyə uyğun olaraq səmimi danışıqlara hazır olduğunu nümayiş etdirəcək. Əgər bunlar lazımi şəkildə təsdiqlənsə, razılıq əldə oluna bilər”, Blinken deyib.