Accessibility links

Breaking News

Suriyanın kimyəvi silahları qarşısında ayıqlıq və məsuliyyət tələb olunur


2013-cü ildə Əsəd rejimi Dəməşqin Quta rayonunda Suriya vətəndaşlarına qarşı ölümcül sarin qazından istifadə etmişdi. Əksəriyyəti uşaq olmaqla, 1400-dən çox insan həlak olmuşdu.

Bir ay sonra beynəlxalq qınaq və qəzəbdən sonra Suriya Kimyəvi Silahlar Konvensiyasına qoşulmuş və heç vaxt kimyəvi silahdan istifadə etməyəcəyinə, onların inkişafı, istehsalı, yığılması və ötürülməsinin qadağan edilməsinə sadiq qalacağına söz vermişdi.

ABŞ-ın BMT-nin Alternativ Nümayəndəsi Robert Vud Təhlükəsizlik Şurasının bu yaxınlarda keçirdiyi brifinqdə qeyd etdiyi kimi, təəssüf ki, “son on il ərzində çoxsaylı – təkrar edirəm çoxsaylı – müstəqil araşdırmalar Əsəd rejiminin öz xalqına qarşı dəfələrlə kimyəvi silahdan istifadə etdiyi qənaətinə gəlib. Hələ də Əsəd rejimi kimyəvi silah arsenalını tam hesaba almayıb və ya məhv etməyib və bu silahların törətdiyi vəhşiliklərə görə məsuliyyəti üzərinə götürməyib.”

Bu səbəbdən Birləşmiş Ştatlar Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının, Kimyəvi Silahlar Konvensiyasının icraçı qolu olan OPCW-nin davam edən işini alqışlayır.

OPCW səfir Vudun qeyd etdiyi kimi, Əsəd rejiminin “davamlı gizlətməsi” qarşısında Suriyanın qalan kimyəvi silah imkanlarını araşdırmaqda davam edir.

“Birləşmiş Ştatlar çoxdandır ki, Suriya rejiminin qalan kimyəvi silah potensialını saxlamasından narahatdır. Və həqiqətən də OPCW yeni həyəcanverici sübutlar üzə çıxarmaqda davam edir. Keçən ay baş direktor 2021-2023-cü illər arasında Bəyannamənin Qiymətləndirilməsi Qrupu tərəfindən bir neçə elan edilmiş ərazidə toplanmış nümunələrdə gözlənilməz kimyəvi maddələrin olduğunu OPCW-nin iştirakçısı olan dövlətlərə xatırladıb. Bu cür nəticələr açıq şəkildə göstərib ki, Əsəd rejimi kimyəvi silah proqramının tam tarixini və əhatə dairəsini nə bəyan edib, nə də hesabat verib”.

Səfir Vud OPCW Dövlətlərin Konfransının iştirakçı dövlətlərinə ikili təyinatlı kimyəvi maddələr və avadanlıqların Suriyaya ötürülməsinin qarşısını almaq üçün “kollektiv tədbirlər” görməyi tövsiyə edən qərarını yüksək qiymətləndirib.

“Bu qərar eyni zamanda ikili təyinatlı kimyəvi maddələrin və avadanlığın qeyri-dövlət aktorlarının, o cümlədən terrorçu qrupların əlinə keçməsinin qarşısını almaq məqsədi daşıyır. Birləşmiş Ştatlar rejimin kimyəvi silah proqramına son qoymaq və Suriyada və başqa yerlərdə kimyəvi silahdan istifadəyə görə cavabdehliyi təşviq etmək üçün dünya üzrə tərəfdaşları ilə işləməyə davam edəcək,” Vud bəyan edib.

XS
SM
MD
LG