ABŞ-ın İran üzrə xüsusi nümayəndəsinin ofisi X sosial media platformasında yazıb: “Biz İran rejimi tərəfindən Rza Rəsainin edam edilməsini və onun dünyanı davam edən insan haqları pozuntularından yayındırmaq cəhdini qətiyyətlə pisləyirik”.
34 yaşlı Rza Rəsai İranın kürd və Yarsan icmalarından idi. O, 2022-ci ildə hökumət əleyhinə etirazlar zamanı Kermanşah əyalətində həbs edilmişdi. Bu etirazlar İran qanunlarını pozduğuna görə saxlanılan gənc kürd iranlı qadın Məhsa Əmininin polis nəzarətində ölməsindən sonra ölkəni bürüyən “Qadın, Həyat, Azadlıq”hərəkatının bir hissəsi idi. Sonrakı etirazlar zamanı təxminən 18 000 adamın həbs edildiyi bildirilir; yüzlərlə öldürülüb
Rəsai İran İnqilab Keşikçiləri Korpusunun üzvünün qətlində iştirakda ittiham və 2023-cü ilin oktyabrında ölüm cəzasına məhkum edilib.
Amnesty İnternational və digər insan haqları təşkilatları Rəsainin mühakiməsinin son dərəcə ədalətsiz olduğunu və onun işgəncə və zorakılığa məruz qaldığını iddia edir. Rəsai avqustun 6-da edam edilib və bununla da “Qadın, Həyat, Azadlıq” etirazları zamanı iddia edilən cinayətlərə görə edam edilən şəxslərin sayı 10-a çatıb.
Onun edamı BMT-nin İnsan Haqları Şurasının İranla bağlı Müstəqil Fakt Araşdıran Missiyasının hesabatını yaymasından bir gün sonra həyata keçirilib. Missiyanın məlumatına görə, İran hökumətinin 2022-ci ildən etirazçılara qarşı repressiyaları İrandakı etnik və dini azlıqlara, xüsusən də kürd və bəluc azlıqlarına qeyri-mütənasib şəkildə təsir edib.
Hesabatda qeyd edilir ki, İranın əsasən etnik və dini azlıqların yaşadığı sərhəd əyalətlərində mövcud təhlükəsizlik qüvvələri “2022-ci ilin sentyabrında nümayişləri basdırmaq üçün dövlətə imkan yaradıb, o cümlədən hərəkatın başlanmasından dərhal sonra hərbiləşdirilmiş cavab tədbirləri həyata keçirib”.
Hesabatda deyilir ki, “ azlıqların üzvlərinin hüquqlarının pozulması 2022-ci ilin sentyabr etirazları kontekstində gücləndirilib və missiya bunların bəzilərinin insanlığa qarşı cinayətlər təşkil etdiyini müəyyən edib”.
Hesabatda bu cinayətlərə görə məsuliyyətə cəlb edilməmələr təəssüflə qeyd edilir.
Rza Rəsai ifadə azadlığı və birləşmək kimi fundamental hüquqlarından istifadə etdikdən sonra edam edilən ən son qurban və İranın azlıq icmalarının sonuncu üzvüdür.
İran üzrə Xüsusi Nümayəndəlik Ofisinin yazdığı kimi: “Tehranın saxta məhkəmələrdən və məcburi etiraflardan sonra “Qadın, Həyat, Azadlıq” etirazçılarına qarşı ölüm hökmündən istifadə etməyə davam etməsi qınaq obyektidir. Biz İran rejimini insan haqlarının ciddi pozuntularına görə hesaba çəkməyə sadiqik”.