ABŞ Dövlət katibi Antoni Blinken BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə Nazirlər Toplantısında deyib ki, Vladimir Putin Ukraynaya qarşı “ədalətsiz müharibəsini davam etdirəcək”. Buna baxmayaraq, müharibəni dayandırmaq üçün beynəlxalq ictimaiyyətin atmalı olduğu iki təcili və bir-biri ilə əlaqəli addımlar var.
“Birincisi, biz Rusiyanın Şimali Koreya və İranla artan əməkdaşlığına diqqət yetirməliyik.İran 2022-ci ildən Kremlə silahlı pilotsuz təyyarələr verir. Rusiyada dron zavodu tikib. Cəmi bir neçə həftə əvvəl o, Rusiyaya yüzlərlə qısamənzilli ballistik raket ötürüb və Tehran İranda Rusiya hərbi qulluqçularına bu silahları necə idarə etməyi öyrədib. Bu arada, KXDR Rusiyaya qatar dolusu silah və sursat, o cümlədən ballistik raketlər, buraxılış qurğuları və milyonlarla artilleriya patronu çatdırıb”- deyə, Blinken bildirib.
Dövlət katibi Blinkenin sözlərinə görə, ikinci addım münaqişənin sülh yolu ilə həllidir.
“Bizim hamımızın Ukraynanın ədalətli və davamlı sülh çağırışını dəstəkləməyə borcluyuq. Ədalətli və davamlı sülh suverenlik, ərazi bütövlüyü və müstəqillik prinsiplərini təsdiq etməlidir. Ədalətli və davamlı sülh Ukraynanın öz yolunu, öz müttəfiqlərini, öz gələcəyini seçmək hüququnu qorumalıdır. Ədalətli və davamlı sülh üçün Ukraynanın tam iştirakı və razılığı lazımdır. Ədalətli və davamlı sülh Ukraynanın yenidən qurulmasını və bərpasını dəstəkləməlidir, Rusiya onun vurduğu ziyanı aradan qaldırmalıdır. Ədalətli və davamlı sülh həm hesabatlılığı, həm də barışığı həll etməlidir" , dövlət katibi əlavə edib.
Blinken deyib: “[BMT Təhlükəsizlik] Şurasının əsas vəzifələrindən biri münaqişələri sülh yolu ilə həll etməyə çalışmasıdır, Ancaq şuranın bu münaqişəni necə bitirmək istədiyi vacibdir. Digər ölkələr öz təkliflərini irəli sürüb, bəziləri təcavüzkarla təcavüzə məruz qalanı ayıra bilmir və bütün tərəfləri gərginliyi azaltmağa çağırır” - deyə, o bildirib.
“Bu istiqamətdə təklif Putinin dəfələrlə etdiyi kimi aqressiyasını mükafatlandıracaq, ona dincəlməyə, silahlanmağa, Ukraynanı yenidən işğal etməyə imkan verəcək. Bu, həm də dünyanın hər yerində potensial təcavüzkarlara imkan yaradacaq. Tarixin bizə öyrətdiyi kimi prinsipsiz sülh daha çox münaqişənin, daha çox əzabın, daha çox qeyri-sabitliyin başlanğıcıdır. Beləliklə, bu münaqişənin sona çatmasını istəyən və bunu davamlı şəkildə həyata keçirən bütün xalqlar üçün ən qısa yol sadədir: Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq Putinin təcavüzünə şərait yaradan və alovlandıranları dayandırın və ədalətli sülh tələb edin”, Blinken qeyd edib.