Accessibility links

Breaking News

Livandakı suriyalı qaçqınların seçimi yoxdur


Livanda qaçqın olmuş suriyalılar müxalifətin nəzarətində olan İdlibə gəlirlər. 9 oktyabr, 2024.
Livanda qaçqın olmuş suriyalılar müxalifətin nəzarətində olan İdlibə gəlirlər. 9 oktyabr, 2024.

Yaxın Şərqdəki döyüşlərin çəkisi Qəzza zolağından Livana keçdiyi üçün mülki əhali ətraf ölkələrə qaçır.

BMT-nin məlumatına görə, sentyabrın 23-dən bəri 425 mindən çox insan Livandan Suriyaya keçib. Onların təxminən 72 faizi indi iki dəfə müharibə nəticəsində didərgin düşmüş suriyalılardır və onlar vətənlərinə yenidən daxil olarkən böyük risklərlə üzləşirlər. Onların əksəriyyəti ölkədəki vətəndaş müharibəsindən qaçaraq illər əvvəl Suriyanı tərk edib və Suriya hökumətinin onları zorla vətənə qaytarmaq üçün son cəhdindən yayınıblar.

ABŞ-ın BMT-dəki Xüsusi Siyasi Məsələlər üzrə Alternativ Nümayəndəsi Robert Vud deyib: “Birləşmiş Ştatlar Livandakı suriyalı qaçqınlar və orada mövcud münaqişə nəticəsində öz yurd-yuvasından didərgin düşmüş livanlı mülki şəxslərə görə dərindən narahatdır. Onlar Livan daxilində qaçqın düşmək və ya Livan sərhədlərini keçməklə təhlükəyə məruz qalıb. Biz böhrana cavab verən ev sahibi icmalara, ən həssas qaçqınlara və məcburi köçkünlərə yardım etmək üçün çalışırıq. Sentyabrın 26-da Birləşmiş Ştatlar Suriya xalqı üçün beynəlxalq təşkilat tərəfdaşları vasitəsilə göstərilən yardımlar da daxil olmaqla, təxminən 534 milyon dollarlıq əlavə humanitar yardım elan edibi”.

Səfir Vud deyib ki, ABŞ Suriya hökumətinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) ofisinə həm sərhəddə, həm də onların qayıtdıqları ərazilərdə geri dönənlərə çıxışına icazə vermək qərarını alqışlayır.

“Biz Suriya rejiminin ölkələrinə qayıdan suriyalılar üçün istismar haqlarını müvəqqəti olaraq dayandırmaq qərarını da qeyd edirik. Biz BMT QAK-ın Suriyada mühafizə mühitini yaxşılaşdırmaq səylərini dəstəkləməkdə davam edirik. Bu kontekstdə rejimin geri dönənləri özbaşına həbs etməsi də daxil olmaqla, geri qayıdanlara qarşı sui-istifadə halları barədə davamlı məlumatlardan çox narahatıq. Rejim öz yollarını dəyişməyincə və hamı üçün insan hüquqlarını və əsas azadlıqlarını müdafiə etməyincə, geri qayıtmalar heç vaxt həqiqətən könüllü, təhlükəsiz, ləyaqətli və ya davamlı olmayacaq”.

Səfir Vud deyib: “Rejim və Suriyadakı bütün tərəflər ehtiyaclar davam etdiyi müddətcə Suriyanın bütün bölgələrinə humanitar yardımların dərhal və maneəsiz çıxışına icazə verməlidir. Birləşmiş Ştatlar Suriya xalqına, eləcə də köçkün livanlılara olan öhdəliyi dəstəkləməkdə davam edir və biz digər donorları əhəmiyyətli maliyyə boşluqlarını doldurmaq üçün bizə qoşulmağa çağırırıq ki, tərəfdaşlar ən həssas insanların ehtiyaclarını qarşılamaqda davam edə bilsinlər”.

XS
SM
MD
LG