Birləşmiş Ştatlar Azərbaycan hökumətini insan haqları və əsas azadlıqları müdafiə etdiklərinə görə həbs edilmiş çoxsaylı dissident, hüquq müdafiəçisi və jurnalisti azad etməyə çağırıb.
Dövlət katibi Antoni Blinken son bəyanatında Azərbaycanı “dərhal” Rüfət Səfərov, Sevinc Vaqifqızı, Azər Qasımlı, Fərid Mehrəlizadə, Bəxtiyar Hacıyev və Qubad İbadoğlunu, həmçinin “Meydan TV” müstəqil telekanalının bu yaxınlarda saxlanılan əməkdaşlarını və insan haqları sahəsində fəaliyyətlərinə görə həbs edilənləri azadlığa buraxmağa çağırıb.
“Birləşmiş Ştatlar təkcə bu həbslərdən deyil, Azərbaycanda vətəndaş cəmiyyətinə və mediaya qarşı artan təzyiqlərdən dərin narahatdır”- deyə, Blinken bildirib.
Azərbaycandakı təqiblərin genişlənməsi çox qorxulu bir haldır.
Dövlət Departamentinin 2023-cü ildə Azərbaycanla bağlı insan hüquqlarının vəziyyətini əhatə edən ən son hesabatında qeyd edilir ki, “QHT koalisiyasının hesablamalarına görə, dekabrın 1-nə [2023] təxminən 254 siyasi məhbus olub. Siyasi məhbuslar arasında alim və antikorrupsiya fəalı, demokratiya və hüquq müdafiəçiləri, jurnalistlər, bloqerlər, müxalif siyasi xadimlər, dindarlar və fəallar yer alır”.
Blinkenin adlarını çəkdiyi məhbuslardan ikisi bu ay ABŞ Dövlət Departamenti tərəfindən insan haqlarının təşviqi və korrupsiya ilə mübarizəyə görə mükafatlar almaq üçün seçilib.
Rüfət Səfərov siyasi motivli həbslər, təqiblər və hökumətdəki korrupsiya faktlarını sənədləşdirən "Müdafiə xətti" təşkilatının həmtəsisçisidir. Dövlət katibinin İnsan Hüquqları Müdafiəçisi Mükafatını almaq üçün ABŞ-a gəlməzdən bir neçə gün əvvəl Rüfət Səfərov həbs edilərək istintaq təcridxanasına salınıb.
Sevinc Vaqifqızı korrupsiyaya qarşı mübarizə aparan müstəqil media orqanı olan “Abzas Media”nın baş redaktorudur.
Blinkenin qeyd etdiyi kimi “Onun işi rəsmilərin qəzəbinə səbəb olub”. Vaqifqızı 2023-cü ilin noyabrından həbsdədir. Dekabrın 9-da o, qiyabi olaraq Dövlət katibinin 2024-cü il Antikorrupsiya Çempionu Mükafatını alıb.
“Biz Azərbaycan hökumətini insan haqlarını müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə, vətəndaş cəmiyyətinə qarşı təzyiqləri dayandırmağa, hamının insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına daxil olanda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq” - deyə, Blinken əlavə edib.