Prezident Donald Tramp bu yaxınlarda İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda video vasitəsilə hökumət və biznes liderlərinə müraciət edib. O, seçki qələbəsini "sağlam məntiq inqilabı" kimi xarakterizə edib və administrasiyasının Amerika Birləşmiş Ştatlarının siyasi və iqtisadi çətinliklərini, o cümlədən inflyasiya, həddindən artıq tənzimləmə, qeyri-qanuni miqrasiya və yüksək vergiləri həll etmək üzrə olduğunu bildirib.
"Amerika Birləşmiş Ştatları yenə güclü, suveren gözəl bir ölkədir."
Prezident Trampın proqramının əsas elementi ABŞ-ın enerji potensialının açılmasıdır.
"Amerika Birləşmiş Ştatlarının dünyada hər bir ölkədən daha çox neft və qazı var və biz ondan istifadə edəcəyik. Bu, bütün mallar və xidmətlərin qiymətini azaltmaqla yanaşı, Amerika Birləşmiş Ştatlarını istehsal sahəsində super gücə və dünyanın süni intellekt və kriptovalyutaların paytaxtına çevirəcək".
Amerika iqtisadiyyatını daha da stimullaşdırmaq üçün Prezident Tramp Amerika tarixində ən böyük vergi endirimlərini həyata keçirmək üzərində işlədiyini bildirib.
"Dünyadakı hər bir şirkətə mesajım çox sadədir: Gəlin, məhsulunuzu Amerikada istehsal edin və biz sizə dünyadakı ən aşağı vergilərdən bəzilərini verəcəyik. Amma əgər məhsulunuzu Amerikada istehsal etmirsinizsə, bu sizin ixtiyarınızdadır, onda sadəcə olaraq, sizin ödəməli olduğunuz bir tarif olacaq, fərqli miqdarlarda, amma bir tarif olacaq, bu, yüz milyardlarla, hətta trilyonlarla dolları xəzinəmizə yönləndirəcək və iqtisadiyyatımızı gücləndirəcək və borcu azaldacaq".
Prezident Tramp seçildikdən bəri bir çox şirkətin Amerikada milyardlarla dollar investisiya elan etdiyini qeyd edib. O, həmçinin Səudiyyə Ərəbistanının da Amerikaya ən az 600 milyard dollarlıq investisiya qoyacağını bildirib.
"Səudiyyə Ərəbistanı və OPEC-dən xahiş edəcəyəm ki, neftin qiymətini aşağı salsınlar.Əgər qiymət aşağı düşsə, Rusiya-Ukrayna müharibəsi dərhal bitər".
"Amerikada sağlam məntiqi bərpa etdikcə, biz sürətlə dünyada güc və sülhün, sabitliyin bərpasına doğru irəliləyəcəyik", Prezident Tramp bildirib.
O, NATO ölkələrindən hərbi xərclərini ÜDM-nin 5 faizinə qədər artırmağı xahiş edəcəyini əlavə edib.
"Dünyada yaxşı şeylər olacaq. Bizimlə işləyən insanlar üçün - müttəfiqlər və müttəfiq olmayanlar da daxil olmaqla, yaxşı şeylər olacaq", Prezident Tramp elan edib.