“Hər iki tərəf üçün ən yaxşı olacaq razılaşmanı əldə etmək üçün əlimizdən gələni edəcəyik. Amma Ukrayna üçün biz çox çalışacağıq ki, onlar mümkün qədər çoxunu geri qaytara bilsinlər”, - deyə Prezident Tramp bildirib.
ABŞ və Rusiya nümayəndə heyətləri bu yaxınlarda İstanbulda görüşüblər. Bu, fevralın 18-də ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın Baş naziri Sergey Lavrov arasında Riyadda keçirilən görüşün davamı olub. Həmin görüşdə iki rəsmi şəxs diplomatik missiyaların normallaşdırılması, Ukraynada müharibənin dayandırılması üçün danışıqlara kömək edilməsi və bu məqsəd əldə olunarsa, ortaq maraq və narahatlıq doğuran məsələlərin müəyyən edilməsi barədə razılığa gəliblər.
Riyad görüşünü Fox News kanalında müzakirə edərkən, dövlət katibi Rubio bildirib ki, ABŞ Rusiyanın Ukraynada müharibəni bitirməkdə maraqlı olub-olmadığını öyrənmək istəyir:
“Biz onlara dedik ki, əgər müharibəni bitirmək istəyirsinizsə, onu bitirmək üçün nə lazım olduğunu danışa bilərik. Əgər müharibəni davam etdirmək istəyirsinizsə, sadəcə bizə indi deyin.”
Dövlət katibi Rubio qeyd edib ki, ruslar müharibəni bitirmək üçün nə tələb olunduğunu müzakirə etməyə razılıq veriblər: “Əgər onların tələbləri qeyri-realdırsa, deməli, bu məsələdə səmimi deyillər. Amma biz bu təklifi nəzərdən keçirməliyik.”
Prezident Donald Tramp mətbuat konfransında Ukraynadakı müharibəni dayandırmağın onun üçün “bir nömrəli prioritet” olduğunu deyib.
“Güman ki, bir milyon yarım əsgər öldürülüb… Bir çox şəhərlər yerlə-yeksan edilib. Onlar tamamilə dağıntı sahələridir. Sözün əsl mənasında, dağıntı sahələri.”
Prezident Tramp bildirib ki, heç bir zəmanət olmasa da, münaqişənin başa çatdırılması üçün razılaşmanın əldə olunacağına inanır. Bunun səbəbi isə onun ABŞ-da prezident seçkilərində qalib gəlməsidir.
Prezident Trampın sözlərinə görə, əgər belə olmasaydı, Rusiya Prezidenti Vladimir Putin bu müharibəni bitirmək niyyətində deyildi: “Məncə, o, bütün Ukraynanı ələ keçirmək istəyirdi.”
“Mən inanıram ki, Putin Ukrayna boyunca irəliləməyə davam edəcəkdi və zaman keçdikcə çox sayda insan – çox insan öldürüləcəkdi”, - ABŞ prezidenti əlavə edib.
Prezident Tramp bildirib ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları qüvvədə qalacaq: “Görək, əvvəlcə razılaşmaya gələ bilirik, ya yox. Amma düşünürəm ki, biz bunu bacaracağıq.”
“Mən Prezident Putinlə çox yaxşı danışıqlar aparmışam. Mən [Ukrayna Prezidenti] Zelenski ilə də çox yaxşı danışıqlar aparmışam. Və dörd həftə əvvələ qədər heç kim heç kimlə danışmırdı… Heç kim sülhün mümkün olduğunu düşünmürdü. Mən isə bunun mümkün olduğunu düşünürəm.”
“Hər iki tərəf üçün ən yaxşı olacaq razılaşmanı əldə etmək üçün əlimizdən gələni edəcəyik. Amma Ukrayna üçün biz çox çalışacağıq ki, onlar mümkün qədər çoxunu geri qaytara bilsinlər,” deyə Prezident Tramp bildirib.