ABŞ-ın üç yüksək vəzifəli rəsmisinin bu yaxınlarda ABŞ-Meksika sərhədinə səfəri hökumətin ölkəyə qanunsuz immiqrant və təhlükəli narkotiklərin axınını dayandırmaq səylərini vurğulayır.
“Sərhəd böhranı milli kəşfiyyat məsələsinə çevrilib və Müdafiə Departamentinin də cəlb olunmasını tələb edən bir məsələ olur,” Vitse-prezident JD Vans deyib.
Milli Kəşfiyyat İdarəsinin direktoru Talsi Qabbard deyib ki, keçmiş administrasiya altında 21 milyon insan sərhədi keçib – onların çoxu heç bir yoxlanışdan keçməyib:
“Orta Asiyadan 4 mindən çox insan var idi ki, onlar İŞİD-lə əlaqəsi olan şəbəkədən istifadə edərək sərhədimizi keçib. Milli Terrorla Mübarizə Mərkəzimiz bu şəxsləri müəyyən edib. Onlar arasında yüzlərlə bilinən terrorçu və ya bilinən terrorçularla əlaqəsi olan insan var idi. Bizim Terrorla Mübarizə Mərkəzimiz yoxlamalar üçün tək bir mənbəyə malik olduğumuzdan əmin olmaq üzərində işləyir ki, biz kimin ölkəmizdə olduğunu müəyyən edə bilək və təhlükə yaradanları müəyyənləşdirərək, ölkədən çıxaraq.”
Müdafiə naziri Pit Heqset qeyd edib ki, onun departamenti sərhəddə əldə edilən əhəmiyyətli irəliləyişlərə töhfə verən imkanlar irəli sürür:
“Nəinki qoşun, nəinki nəzarət, nəinki texnika, həm də Sərhəd Patrul Xidmətinin onsuz da etdiklərini gücləndirən həqiqi planlaşdırma və imkanlar...Biz bunu rəqəmlərdən görürük: cənub sərhəddə keçidlərdə 98 faiz azalma olub. Biz hələ ki, 100 faiz operativ nəzarətdə deyilik, amma ona doğru gedirik, çünki prezident bizə bu mandatı verib.”
Vitse-prezident Vans vurğulayıb ki, sərhəddə təhlükəsizliyi təmin etməyə yardım etməyin bir yolu “burada qanunsuz şəkildə olan insanlara öz istəkləri ilə evlərinə qayıtmalarını asanlaşdırmaqdır.”
“Biz istəmirik ki, hamını tək-tək həbs edək, amma biz Amerika xalqının immiqrasiya qanunlarını tətbiq edəcəyik. Siz qanunsuz bir şəkildə buradasınızsa, bizim administrasiyanın mesajı odur ki, siz evinizə qayıtmalısınız və əgər Birləşmiş Ştatlara gəlmək istəyirsinizə, düzgün yollarla müraciət etməlisiniz.”
Vitse-prezident Vans həmçinin Meksika hökumətini narkotik kartelləri və qaçaqmalçılarına qarşı mübarizəyə ciddi yanaşmağa və ABŞ-a narkotik axınının qarşısını almağa çağırıb. “Biz Meksika hökumətinin özünə yardım etməsini, amma həm də bu prosesdə Amerika xalqına yardım etməsini istəyirik,” o deyib. “Biz ümid edirik ki, onlar bunu edəcək.”