Accessibility links

Breaking News

Yəməndə bir illik atəşkəs


Aprel ayında Yəməndə atəşkəsin elan edilməsinin bir ili tamam olur. Atəşkəsdən əvvəl münaqişə İran tərəfindən dəstəklənən husi üsyançıları ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin başçılıq etdiyi koalisiyanın dəstəklədiyi Yəmənin beynəlxalq səviyyədə tanınmış hökuməti ilə arasında idi.

Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə əldə olunan atəşkəs 2014-cü ildən bəri ən uzun sakitlik dövrü ilə nəticələnib. Yeddi ildən artıq davam edən zorakılıqlar Yəmən iqtisadiyyatını məhv edib və dünyanın ən pis humanitar böhranlarından birinə səbəb olub.

Bu gün 21,6 milyondan çox insanın humanitar yardıma ehtiyacı var. Təxminən 6 milyon yəmənli məcburi köçkün vəziyyətinə düşüb və yüz minlərlə insan müxtəlif dərəcəli ərzaq çatışmazlığı ilə üzləşib, bəziləri isə aclıq içərisindədir.

Atəşkəs zorakılığın çox hissəsini dayandırıb və münaqişənin gələcək həllnə yol açıb. Lakin döyüşlər tamamilə dayanmayıb. Buna baxmayaraq, nisbi sakitliyin mülki itkilərin 60 faiz azalmasına səbəb olduğu bildirilir. Üstəlik, Sənadakı hava limanının kommersiya uçuşlarının açılmasına nail olunub. Eyni zamanda, yanacağın idxalını asanlaşdıran addımlar təmiz su, elektrik enerjisi, səhiyyə və müxtəlif xidmətlərə çıxışı yaxşılaşdırıb. Döyüşlərdəki fasilə humanitar qrupların yardıma ehtiyacı olan daha çox insana çatmasına da imkan verib.

“BMT-nin başçılığı ilə əldə edilən atəşkəs və ABŞ-ın asanlaşdırdığı diplomatiya döyüşləri əsasən dayandırıb, minlərlə mülki insanın həyatını xilas edib; buna baxmayaraq, Birləşmiş Ştatlar atəşkəsin hərtərəfli, Yəmən-Yəmən siyasi prosesi və münaqişənin davamlı həlli istiqamətində atılan ilk addım olduğunu qəbul edir”, - deyə Dövlət Departamentinin sözçüsü Vedant Patel bildirib.

Prezident Co Bayden yazılı açıqlamasında bildirib ki, atəşkəs mühüm mərhələdir.

“Bu atəşkəsi saxlamaq və sülhə doğru irəliləyişi gücləndirmək administrasiyamın Yaxın Şərqdəki tərəfdaşlarımızla əlaqəsinin diqqət mərkəzində olub. Bizim bu fövqəladə irəliləyişə əsaslanmağa çalışmağımız və bu dəhşətli münaqişənin hərtərəfli həlli istiqamətində bütün səyləri dəstəkləməyimizə verdiyimiz diqqət intensiv şəkildə davam edəcək. Birləşmiş Ştatlar regiondakı tərəfdaşlarımıza və Səudiyyə Ərəbistanı və BƏƏ-ni İranın təsirli hücumlarına qarşı dəstəkləməyə tam sadiqdir. Son bir ildə Yəməndən sərhədyanı hücumların, eləcə də Yəmən daxilində hava hücumlarının dayandırılması atəşkəsin daha bir müsbət nəticəsidir. Yəməndəki müharibəni həmişəlik dayandırmaq üçün bölgədəki bütün tərəfdaşlarımızla işi davam etməyi səbirsizliklə gözləyirəm” - deyə, prezident Bayden bildirib.

XS
SM
MD
LG