ABŞ Dövlət katibi Antoni Blinken bəyanatında bildirib ki, ABŞ müttəfiqləri və tərəfdaşları ilə koordinasiya edərək Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab olaraq Rusiyanın maliyyə sisteminə qarşı əlavə tədbirlər görüb. “Biz Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyimizin bir hissəsi olaraq, Rusiya öz seçiyi müharibəni davam etdirəcəyi təqdirdə müttəfiqlərimiz və tərəfdaşlarımızla birgə hərəkət edərək Rusiyaya bədəl ödətməyə davam edəcəyik.”
ABŞ Maliyyə Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) ABŞ şəxslərinin Rusiya Federasiyasının Mərkəzi Bankı, Rusiya Federasiyasının Milli Sərvət Fondu və ya Rusiya Federasiyasının Maliyyə Nazirliyi ilə əlaqəli olan hər hansı bir əməliyyat aparmağı qadağan edib. Bundan əlavə OFAC Rusiya prezidenti Vladimir Putin və onun yaxın çevrəsinin qanunsuz məqsədiləri üçün istifadə etməsi ilə bilinən Rusiyanın Birbaşa İnvestisiya Fondu və onun iki törəmə şirkətinə, habelə onun baş icraçı direktoru Kirill Dmitriyevə qarşı bloklayıcı sanksiyalar tətbiq edib.
Dövlət katibi Blinken deyib ki, Birləşmiş Ştatlar bu addımları “Rusiyanın beynəlxalq ehtiyatlarından bizim sanksiyaların təsirini zəiflədəcək şəkildə istifadə etmək qabiliyyətini zəiflətmək, habelə Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsində istifadə etmək üçün öz sərvət fonduna daxil olmasına mane olmaq” üçün atıb.
Bu ən son sanksiyalar Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti və ya SWIFT-in Rusiyanın əsas banklarını öz sistemindən çıxarmağa razılıq verməsindən sonraya təsadüf edir ki, bu addım Rusiyanı qlobal maliyyə sisteminin böyük hissəsindən kənarlaşdıracaq. Moskvanın SWIFT-dən kənarlaşdırılması o deməkdir ki, Rusiya bankları öz sərhədlərindən kənarda olan banklarla təhlükəsiz şəkildə əlaqə qura bilməyəcəklər. ABŞ və onun müttəfiqləri həmçinin Rusiyanın mərkəzi bankının beynəlxalq ehtiyatlarını sanksiyalara xələl gətirəcək şəkildə istifadə etməsinin qarşısını almaq üçün məhdudlaşdırıcı tədbirlər görəcəklərini açıqlayıblar.
Birləşmiş Ştatlar Ukraynaya qarşı apardığı müharibəyə görə Rusiyanı ağır fəsadlarla üzləşdirmək üçün tərəfdaşları və müttəfiqləri ilə yaxından işləməyə davam edəcək. “Biz tərəfdaşlarımız və müttəfiqlərimizlə, Rusiyanı, xüsusilə də bu seçim müharibəsinə görə məsuliyyət daşıyanları
öz təcavüzünə görə cavabdeh tutmaq üçün ortaq məqsəd, qətiyyət və əzm bölüşürük” dövlət katibi deyib.