Amerika Birləşmiş Ştatları və Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, İngiltərə və Avropa İttifaqı nümayəndələri Böyük Yeddilik (G7) xarici işlər nazirləri ilə birlikdə Rusiyanın tanınmış müxalifət lideri Aleksey Navalnının siyasi motivli həbsini qınayıb.
G7 xarici işlər nazirləri Almaniyadan Rusiyaya qayıtdıqdan qısa müddət sonra həbs olunan Navalnının "dərhal və qeyd-şərtsiz" sərbəst buraxılmasına çağırıb.
Yazılı bəyanatda G7 üzvləri “minlərlə dinc etirazçı və jurnalistin həbsi ilə əlaqədar dərin narahatlıqlarını ifadə edib, Rusiyanı milli və beynəlxalq öhdəliklərinə sadiq qalmağa və sərbəst toplaşmaq hüquqlarından istifadə etdikləri üçün arbitrar şəkildə həbs olunanların azad edilməsinə çağırıb.
“Polis qüvvələri tərəfindən şəxslərin fikirlərini bildirmə hüququnun zorakı şəkildə dayandırılması qəbuledilməzdir. Bu hadisələr müxalifət, vətəndaş cəmiyyəti, insan haqları müdafiəçiləri və Rusiyadakı müstəqil səslərin davamlı şəkildə boğulması mənfi bir modelini təsdiqləyir,” sənəddə vurğulanıb.
Navalnı 2020-ci ilin avqustunda Sovet İttifaqı dövründə hazırlanmış kimyəvi maddə Noviçokla ona qarşı sui-qəsddə az qala həyatını itirmişdi.
G7-nin xarici işlər nazirləri kimyəvi silahların hər cür istifadəsinin qəbuledilməz olduğunu və bu cür silahların istifadəsinin beynəlxalq normalara zidd olduğunu təkrarlayıb.
“Biz bir daha Rusiya səlahiyyətlilərini Rusiyanın Kimyəvi Silah Konvensiyası çərçivəsində götürdüyü öhdəliklər baxımından öz torpaqlarında kimyəvi silahlardan istifadəsini araşdırmağa və etibarlı şəkildə izah etməyə çağırırıq.”
Müxalifət siyasətçisinə qarşı kimyəvi maddədən istifadəsi, habelə Navalnının son həbsi Rusiyada demokratiya, müstəqil səsləri və siyasi prüralizmi sual altına alır.
G7 Rusiyanı Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktına uyğun olaraq götürdüyü öhdəlikləri yerinə yetirməyə, ərazisi və yurisdiksiyası çərçivəsində bütün şəxsləri ifadə azadlığı hüququ ilə təmin etməyə səsləyib.
Amerika Birləşmiş Ştatları və G7 tərəfdaşları “Kimyəvi Silah Konvensiyasına və Rusiyada demokratiya, qanunun aliliyi, insan haqlarına verdiyi dəstəyə, eləcə də Rusiya vətəndaş cəmiyyətinə dəstəyin möhkəmləndirməsıinə sadiqdir,” deyə sənəddə vurğulanıb.