ABŞ Ukraynaya Abrams tanklarının çatdırılmasını sürətləndirir.
Prezident Bayden yanvar ayında bəyan etmişdi ki, Birləşmiş Ştatlar ukraynalılara öz torpaqlarını və xalqını Rusiyanın tam və qəddar işğalından müdafiə edə bilmək üçün onlara qabaqcıl döyüş tankları verəcək.
Həmin gün Almaniya 14 Leopard 2 tankını Ukraynaya göndərəcəyini və digər Avropa ölkələrinə öz ehtiyatlarından alman istehsalı olan tanklar göndərməsinə icazə verəcəyini açıqlayıb.
"Müdafiə Nazirliyi Ukrayna ilə sıx koordinasiyada Abrams tankının M1A1 variantını təqdim etmək qərarına gəlib ki, bu da bizə çatdırılma müddətlərini əhəmiyyətli dərəcədə sürətləndirməyə və bu vacib qabiliyyəti bu ilin payızına qədər Ukraynaya çatdırmağa imkan verəcək” - deyə, Pentaqonun mətbuat katibi, briqada generalı Pat Rayder jurnalistlərə bildirib.
M1A1-lər ABŞ-ın inventarındakı artıq gövdələrlə yenilənəcək və Ukraynanı 120 millimetrlik top və 50 kalibrli ağır pulemyot daxil olmaqla, qabaqcıl zireh və silah sistemləri ilə təmin edəcək.
Mətbuat katibi Rayder deyib: "Söhbət bu mühüm döyüş qabiliyyətli avadanlığın ukraynalıların tez bir zamanda əlinə keçməsindən gedir".
O əmin olduğunu bildirib ki, ABŞ ukraynalıların tankların çatdırılması üçün lazımi təlimlərlə vaxtında təmin edə bilər. O vurğulayıb ki, belə əhəmiyyətli əsas döyüş tankı ukraynalılara bir çox ehtiyacları ödəməyə kömək edəcək; "Ərazi ələ keçirmək, ərazini geri almaq... bu qazancları gələcəkdə nə vaxtsa saxlamaq, eləcə də Rusiyanın gələcək təcavüzünün qarşısını ala bilmək".
Briqada generalı Rayder "Bütün bunlar Ukraynaya və onların müdafiə tələblərinə daha yaxın və uzunmüddətli dəstəyimizin bir hissəsidir" deyib.
Müdafiə naziri Lloyd Ostin Konqresə verdiyi son ifadəsində qeyd edib ki, "Prezident Baydenin rəhbərliyi altında Birləşmiş Ştatlar Rusiyanın əsassız və müdafiə olunmaz işğalı ilə mübarizədə Ukraynaya kömək etmək üçün dünyanı bir araya gətirib. Müttəfiqlərimiz və tərəfdaşlarımız mənim rəhbərlik etdiyim Ukrayna Müdafiə Əlaqə Qrupu vasitəsilə koordinasiya edilmiş mühüm təhlükəsizlik yardımı göstərmək üçün fəallaşıb və biz Ukraynanın müdafiəsini nə qədər lazımdırsa, o qədər dəstəkləyəcəyik".