Birləşmiş Ştatlar demokratiya müdafiəçisi və KİV sahibi Cimmi Lainin Honq Konqda təqib edilməsini qətiyyətlə qınayır.
Lai 2019-cu ildə şəhəri bürüyən etirazlardan sonra Pekin tərəfindən Honq-Konqa tətbiq edilən sərt Milli Təhlükəsizlik Qanunu (NSL) əsasında mühakimə olunur. Minlərlə Honq Konq sakini Böyük Britaniya 1997-ci ildə demokratik yolla idarə olunan şəhərin hakimiyyətini Çin Xalq Respublikasına təhvil verəndə onlara vəd edilən siyasi muxtariyyətə və fundamental azadlıqlarına məhdudiyyətlərə etiraz etmək üçün küçələrə axın etmişdi.
Cimmi Lai NSL altında xarici qüvvələrlə sövdələşmədə ittiham olunur və əgər təqsirli bilinərsə, ömürlük həbsə məhkum edilə bilər.
12 yaşında gizlə bir şəkildə gəmi ilə Çin Xalq Respublikasından Honq-Konqa gedən yoxsul Lai, 2021-ci ildə bağlanan məşhur Apple Daily qəzeti də daxil olmaqla, bir sıra media qurumlarını təsis etmədən əvvəl uğurlu geyim imperiyası qurub. Kəskin demokratiya tərəfdarı fəalı və Pekinin insan hüquqları pozuntularının, o cümlədən dini azadlıq pozuntularının tənqidçisi Lai 2020-ci ildə təhlükəsizliklə əlaqədar bir neçə ittiham səbəbilə saxlanılıb və artıq 1000 gündən çoxdur həbsdədir.
Honq Konqda demokratiya tərəfdarı hərəkatın bir çox üzvü 2019-cu ildə etirazlardan sonra saxlanılıb, bir çox digəri xaricə qaçıb. Cimmi Lai isə ölkədə qalmağı seçib.
Lainin hazırkı məhkəmə prosesi dekabrın 18-də hökumətin təsdiq etdiyi üç hakimdən ibarət panelin iştirakı ilə başlayıb. Məhkəmədə münsiflər məhkəməsi yoxdur və prosesin ən azından 80 gün davam edəcəyi gözlənilir. Onun öz istədiyi vəkili tutmağa icazə verilməyib.
Dövlət Departamentinin sözçüsü Metyu Miller Cimmi Lainin Honq Konqun Milli Təhlükəsizlik Qanunu altında mühakimə olunmasını qınayan bəyanat yayıb və Lai ilə bağlı uzun məhkəməyəqədər həbs qətimkan tədbirinin seçildiyini və ona istədiyi vəkili tutmağa icazə verilməməsini qeyd edib.
“Biz Pekin və Honq Konq səlahiyyətlilərini Honq Konqda mətbuat azadlığına hörmət etməyə çağırırıq,” o deyib. “Mətbuat azadlığını boğan və məlumatın sərbəst axınını məhdudlaşdıran hərəkətlər, eləcə də Pekin və yerli hakimiyyət orqanlarının Honq Konqun seçki sistemində birbaşa səsverməni azaldan və müstəqil və demokratiya tərəfdarı namizədlərin iştirakını qadağan edən dəyişiklikləri Honq Konqun demokratik təsisatlarına və Honq-Konqun beynəlxalq biznes və maliyyə mərkəzi kimi reputasiyasına xələl gətirib. Biz Honq Konq səlahiyyətlilərini insan haqlarını müdafiə etdiyinə görə həbs edilən Cimmi Lai və bütün digər şəxsləri dərhal azad etməyə çağırırıq,” sözçü Miller deyib.