Din azadlığı ABŞ Konstitutsiyasının Birinci Düzəlişində həkk olunmuş fundamental hüquqdur - “Konqres dinin yaradılmasına hörmət edən, yaxud onun sərbəst icrasına qadağa qoyan qanun qəbul etməyəcək.”
Dövlət Departamentində Siyasi Planlaşdırma üzrə Direktor Peter Berkovitz deyir ki, din azadlığını qoruyan ölkələr adətən həm də digər hüquqlara hörmət edən ölkələr olur.
“Dəlillər göstərir ki, etiqad azadlığını qoruyan ölkələrlə Birləşmiş Ştatların yüksək tutduğu digər azadlıqlara hörmət edən ölkələr arasında bir bağlılıq var. Əlbəttə, bu, onunla izah olunur ki, əgər sən fikir ayrılığını qoruyursansa, onda insanların uğrunda ən çox mübarizə apardıqları amalı da qoruyursan. Bu, Tanrı barədə fikir ayrılıqlarıdır.”
Çin, İran və Rusiya kimi avtoritar ölkələr iddia edirlər ki, Birləşmiş Ştatlar kamil şəkildə öz ölkəsində insan haqlarını qoruya bilmirsə, bu haqları xaricdə təşviq etməyə ixtiyarı yoxdur.
Lakin Direktor Berkovitz bu fikri “hiddətləndirici” adlandırır.
"İnsan haqlarına əsaslanan Birləşmiş Ştatlar kimi liberal demokratiyalarla insan haqları ideyasını rədd edən Çin, İran Rusiya kimi ölkələr arasında fundamental fərq var… Əlbəttə bu, o demək deyil ki, Rusiyada, Çində və İranda cəsur dissidentlər yoxdur. Biz bilirik ki, onlar var. Ancaq siyasi cəmiyyətə bu növ söhbətlər aparmağa icazə verilmir."
Direktor Berkovitzin sözlərinə görə, Birləşmiş Ştatların İstiqlal Bəyannaməsi və BMT-nin İnsan Haqları Bəyannaməsi bürtün hakimiyyət formalarını dəyərləndirmək və hakimiyyətlərin can atmalı olduqları universal standartı müəyyən edib. O, ümid etdiyini bildirib ki, insanlar bu qənaətə gələcəklər ki, liberal demokratiya insan haqlarına qahmar çıxan ən yaxşı hökumət quruluşudur.