Bu ay sevilən ər, ata, baba və keçmiş FBİ agenti Robert Levinsonun itkin düşməsindən 14 il keçir. Dekabr ayında Birləşmiş Ştatlar İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin Levinsonun oğurlanması və ölümündə əli olduğu güman edilən iki yüksək vəzifəli məmuruna sanksiya tətbiq edib.
Dövlət katibi Entoni Blinken deyib ki, bu iş hələ bağlanmayıb. O, bu yaxınlarda Levinson ailəsi ilə danışdığını bildirib.
2007-ci ildə qaçırılan Levinsona birindən başqa bütün nəvələrinin tətilləri, evlilikləri və ad günlərində iştirak etmək nəsib olmayıb. Levinsonun ailəsi 14 il əvvəl İranın Kiş adasına getdikdən sonra baş verənlərlə bağlı cavabları tələb etməkdə davam edir.
Digər amerikalılar da hazırda İranda saxlanılır. Onlardan biri Bəkir Namazidir. İran hökuməti 84 yaşlı iranlı-amerikalını 2018-ci ildə ciddi tibbi problemləri üzündən həbsxanadan sərbəst buraxsa da, ötən il qalan həbs cəzasını yüngülləşdirməsinə baxmayaraq, onun ölkəni tərk etməsini qadağan edib.
Namazi 2015-ci ildə İranda haqsız yerə həbs edilmiş biznesmen oğlu Siyaməki ziyarət etmək üçün İrana getdikdən sonra həbs edilmişdi. Həm ata, həm də oğul düşmən güclə əməkdaşlıq etməkdə günahlandırılmışdı.
Bəkir Namazinin həbsinin ildönümündə Girov İşləri üzrə Xüsusi Prezident nümayəndəsi Rocer Karstens tvitterdə yazıb ki, “Bu gün @FreetheNamazis üçün başqa bir kədərli gündür, çünki bu Amerika ailəsinin ayrılığı davam edir. Beş ildir ki, İran ABŞ vətəndaşı Bəkir Namazini saxlayır. Siyamək isə Evin həbsxanasında haqsız yerə həbsdədir. # İran onların qovuşmasına və azadlıqda birlikdə yaşamasına imkan verməlidir.”
ABŞ Dövlət katibi Blinken "İran hökumətini Bob Levinsonla baş verənlərə cavab verməyə və haqsız yerə İran əsirliyində olan bütün ABŞ vətəndaşlarını dərhal və təhlükəsiz şəkildə azad etməyə çağırırıq. Siyasi qazanc naminə ədalətsiz həbslər dərhal dayandırılmalıdır"- deyə, bildirib.