Accessibility links

Breaking News

Ukraynanın minalardan təmizlənməsi ölkənin bərpası üçün mühümdür


Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi başa çatdıqdan sonra Ukrayna yenidən qurulmalı olacaq. Ancaq Ukrayna təqribən 160 000 kvadrat kilometr ərazini, yəni ölkə ərazisinin dörddə birini Rusiyanın işğalçı qüvvələri tərəfindən yerləşdirilmiş minlərlə mina və partlamamış hərbi sursatdan təmizləməyənədək orada heç bir yenidənqurma müvəffəqiyyətli ola bilməz.

Bu yaxınlara qədər regionun taxıl istehsal edən ölkəsi olan və dünyanın ən böyük taxıl və günəbaxan ixracatçılarından biri olan Ukraynada, Rusiyanın bir vaxtlar məhsuldar olan tarlalarını və kənd təsərrüfatı qurğularını minalaması nəticəsində kənd təsərrüfatı istehsalı kəskin şəkildə azalıb.

Bundan əlavə mülki vətəndaşları öldürmək və onlara ciddi xəsarət yetirmək üçün də qəsdən partlayıcılar yerləşdirilib. Dövlət Departamentinin Siyasi-Hərbi Məsələlər Bürosunun Silahların Yığışdırılması və Azaldılması İdarəsinin proqram meneceri Maykl Tirrin sözləri ilə desək:

“Biz bilirik ki, Rusiya qüvvələri insanların evlərindəki əşyalara, o cümlədən uşaq oyuncaqları və hətta işğal nəticəsində öldürülən insanların cəsədlərinə qəsdən tələlər quraşdırıb. Rusiya qüvvələrinin əldəqayırma partlayıcı qurğuların dəhşətli şəkildə istifadəsi İŞİD-in İraq və Suriyada istifadə etdiyi taktikaları xatırladır ki, orada İŞİD terrorçuları mümkün qədər çox mülki insanı öldürməyə və insanları evlərinə qayıtmağa qorxutmağa çalışırdılar.”

Buna görə də minaların təmizlənməsinin Ukrayna hökumətinin əsas prioritetlərindən biri olması təəccüblü deyil. Bu təhlükəli işin böyük hissəsi Ukraynanın bir sıra dövlət xidmətlərinin əməkdaşları tərəfindən artıq həyata keçirilir.

Birləşmiş Ştatlar 2016-cı ildən bəri Ukraynanın minatəmizləmə səylərini dəstəkləyir. ABŞ ekspertləri Ukrayna hakimiyyət orqanlarına məsləhətlər verir, dövlətin minatəmizləmə komandalarına təlimlər keçir və onları təchiz edir, həmçinin Luhansk və Donetsk vilayətlərində təmas xətti boyunca minaların təmizlənməsi üçün beynəlxalq qeyri-hökumət təşkilatlarını maliyyələşdirir. Bu yaxınlarda isə ABŞ Dövlət Departamenti minatəmizləmə işləri üçün Ukraynaya 91,5 milyon dollar vəsait ayırıb.

“Ukrayna hökumətinin səyləri nə qədər inanılmaz olsa da, partlayıcı maddələr ilə çirklənmənin miqyası hədsiz dərəcədə böyükdür” Tirre deyib. “Bizim növbəti il ərzində göstərəcəyimiz 91,5 milyon dollarlıq yardım, bu səylərə Ukraynanın başçılıq etdiyini və həmişə də başçılıq edəcəyini nəzərə alaraq, Ukraynanın milli potensialını gücləndirmək və əlavə etmək üçün nəzərdə tutulub.”

Rusiyanın yerləşdirdiyi minaları və partlamamış hərbi sursatların təmizlənməsi uzun illər və yaxşı əlaqələndirilmiş beynəlxalq cavab tədbirləri tələb olunur. Birləşmiş Ştatlar Ukrayna xalqına öz həyatlarına davam etmək və yenidənqurma işlərinə yardım səylərini dəstəkləməyə sadiqdir.

XS
SM
MD
LG