Accessibility links

Breaking News

Prezident Bayden Yəməndə müharibəni bitirmək əzmindədir


ABŞ Prezidenti Co Bayden yaxın gələcək üçün əsas xarici siyasət hədəflərini açıqlayarkən bunlardan ən başlıcasının Yəməndəki müharibəni bitirmək olduğunu deyib.

Ərəb ölkələri arasında ən yoxsul ölkə olan Yəmən su və digər mənbələrin çatışmazlığı, yüksək əhali artımı, vaxtaşırı yerli qarşıdurmalar və xroniki ərzaq təhlükəsizliyi ilə nəticələnən geniş yayılmış yoxsulluqdan əziyyət çəkir.

Bundan əlavə, 2014-cü ildə başlayan vətəndaş müharibəsi qısa müddətdə İranla Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələri koalisiyası arasında dolayı bir qarşıdurmaya çevrilib. Silahlı qarşıdurmalarda olduğu kimi bundan ən çox əziyyət çəkən mülki əhalidir.

Bu gün Yəməndə 24,3 milyondan çox insan humanitar yardım və qorunma hüququna malikdir. 2015-ci ildən bəri Yəməndə on minlərlə dinc sakin öldürülüb və təxminən 3,6 milyon insan evlərindən didərgin düşüb.

"Biz Yəməndə humanitar və strateji bir fəlakət yaratmış müharibəni bitirmək üçün diplomatiyamızı gücləndiririk," deyə Prezident Bayden bildirib.

"Yaxın Şərq komandamdan BMT-nin atəşkəs əldə edilməsi, humanitar kanalların açılması və uzun müddətdir davam edən sülh danışıqlarının bərpası təşəbbüsünə dəstək verməsini xahiş etdim," Bayden əlavə edib.

Eyni zamanda, Prezident Bayden uzun müddətdir diplomat və Körfəz eksperti Timoti Lenderkinqin ABŞ-ın Yəmən üzrə xüsusi elçisi təyin edildiyini bildirib.

O, müharibəni bitirmək üçün ABŞ-ın diplomatik səylərinə nəzarət edəcək.

“Tim bölgədə uzunmüddətli bir təcrübəyə sahibdir və o, Birləşmiş Millətlər Təşkilatının səfiri və münaqişə tərəfləri ilə diplomatik həll yolu tapmağa çalışacaq. Timin diplomatiyası dözülməz əziyyətlər çəkən Yəmən xalqını humanitar yardımla təmin edən USAID (və Dövlət Departamenti) tərəfindən dəstəklənəcək.”

Prezident Bayden ABŞ-ın Yəmən müharibəsindəki hərbi əməliyyatlara, o cümlədən müvafiq silah satışlarına Amerikanın dəstəyinin dayandırıldığını bildirib.

Bununla yanaşı, ABŞ dövlət başçısı Birləşmiş Ştatların əsasən Yəməndə olmaqla, Əl-Qaidəyə qarşı kampaniyasını davam etdirəcəyini və Səudiyyə Ərəbistanının müdafiə qabiliyyətinə dəstəyini dayandırmayacağını deyib.

“Səudiyyə Ərəbistanı bir çox ölkədə İran tərəfindən silahla təmin edilən qüvvələrin raket hücumları, İHA zərbələri və digər təhdidlərlə qarşılaşır. Biz Səudiyyə Ərəbistanına öz suverenliyini, ərazi bütövlüyünü və xalqını qorumağa dəstək vermək və kömək etməkdə davam edəcəyik.”

"Bu müharibə sona çatmalıdır," Prezident Bayden bildirib.

XS
SM
MD
LG