ABŞ Dövlət Departamentinin dəfələrlə bəyan etdiyi kimi, jurnalistika cinayət deyil. Ancaq son həftələrdə Azərbaycanda həbs edilən jurnalistlərin sayı onu göstərir ki, Azərbaycan rəsmiləri bununla razılaşmır.
Noyabr ayında müstəqil antikorrupsiya mediası olan Abzas Media rəhbərliyinin həbsindən başlayaraq, Azərbaycan hakimiyyəti hökuməti tənqid edən səslərə qarşı repressiyaları gücləndirib.
İlk olaraq Abzas Medianın direktoru Ülvi Həsənli saxlanıldı. Bundan qısa müddət sonra, onun baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov və jurnalist Nərgiz Absalamova da həbs edildi. Onlar Abzas Medianın yüksək səviyyəli hökumət rəsmiləri arasında korrupsiya ilə bağlı araşdırmalarına görə beynəlxalq insan haqları təşkilatlarının saxta, siyasi motivli hesab etdikləri cinayətlərdə ittiham olunublar. Onların hamısı ilə bağlı uzun-müddətli həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə bu yaxınlarda həbs olunanlar arasında müstəqil “Kanal 13” onlayn telekanalının təsisçisi Əziz Orucov və kanalın aparıcısı Rüfət Muradlı da var.
Hökumətin repressiyasının qurbanları təkcə junalistlər deyil. İqtisadçı və müxalif Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu iyul ayında, tanınmış müxalifət lideri və hökumətin tənqidçisi Tofiq Yaqublu dekabrın ortalarında həbs edilib.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat brifinqi zamanı Azərbaycanda jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının və müxalifətçilərin həbsi tendensiyasını “dərindən narahatlıq doğuran” adlandırıb.
“Təkcə son bir ayda 10-dan çox belə şəxslər həbs edilib. Bu, qəbuledilməzdir,” sözçü Miller bəyan edib. “Biz Azərbaycan hökumətini hər kəsin, o cümlədən ifadə azadlığından istifadə edənlərin insan hüquqlarına və fundamental azadlıqlarına hörmət etməyə, eləcə də haqsız yerə həbs edilmiş bütün şəxsləri tezliklə azadlığa buraxılmağa çağırmağa davam edəcəyik.”