Rusiyada parlament seçkilərinə üç ay qaldığı bir vaxt Rusiya hökuməti siyasi müxalifətə və Prezident Vladimir Putinin tənqidçilərinə qarşı təqibləri artırıb.
Aprel ayında Rusiyanın korrupsiya əleyhinə fəalı və Putinin ən böyük tənqidçisi Aleksey Navalnının Noviçok sinir agenti ilə zəhərlənməsindən sonra müalicə aldığı Almaniyadan geri döndüyü zaman həbs olunması Putinin hakimiyyətinə qarşı icazə verilməyən etirazların keçirilməsi ilə nəticələndi. Rusiya rəsmiləri o zamandan bəri ölkədəki, demək olar, bütün müxalif təşkilatları zəiflətmək və ya aradan qaldırmaq üçün tədbirlər görüb.
Müxalifətə qarşı ən ağır zərbə iyunun 9-da Moskva məhkəməsinin Aleksey Navalnının siyasi idarələrinin, habelə onun Korrupsiyaya qarşı Mübarizə Fondunun “ekstremist” təşkilatlar olduğuna dair qərar verməsi olub. Bunun nəticəsində Fond ləğv olunmalı, xüsusi mülkiyyəti Rusiya Federasiyasına verilməlidir, siyasi idarələrə isə bütün fəaliyyətlərini dayandırmalarına dair göstəriş verilib. Təşkilatın işini davam etdirən və ya onu dirçəltməyə çalışan hər hansı şəxs altı il həbs cəzası ilə üzləşə bilər.
Dövlət Departamentinin sözçüsü Ned Prays yazılı bəyanatında bildirib ki, Birləşmiş Ştatlar məhkəmənin qərarını pisləyir. “Bu təyinat işçiləri, könüllüləri və Rusiya boyu minlərlə tərəfdarı Ruisya Konstitusiyasının təmin etdiyi fundamental haqlarından istifadə etdiklərinə görə cinayət istintaqına cəlb olunmaq və ya həbs olunmaq riski ilə üz-üzə qoyur və müxalif namizədlərin sentyabrda keçiriləcək Duma seçkilərində iştirak etmələrinə məhdudiyyət tətbiq edir. Rusiya bu addımla ölkədə qalan çox az sayda müstəqil siyasi hərəkatlardan birini cinayət məsuliyyətinə cəlb edib,” sözçü Prays bildirib.
O qeyd edib ki, Aleksey Navalnının təşkilatının ləğvi Ruisya hökumətinin siyasi müxalifətə, vətənda cəmiyyətinə və müstəqil mediaya qarşı genişmiqyaslı təqiblərinə işarə edir. “Cənab Navalnının özünün səhhəti pisdir, o, saxta ittihamlarla həbsdədir. Biz bir daha onun dərhal və qeydsiz-şərtsiz azadlığa buraxılmasına çağırırıq,” o deyib.
“Biz Rusiyanı qeyri-zorakı təşkilatları hədəf almaq üçün onları “ekstremist” təşkilat olaraq müəyyən etməyi dayandırmağa və cənab Navalnı və onun tərəfdarlarına qarşı repressiyalara son qoymağa və insan haqları və fundamental azadlıqları təmin etmək beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq. Rusiya xalqının, bütün insanlar kimi, azad şəkildə danışmaq, ortaq məqsədlərlə dinc toplaşmaq, dini azadlıqlarından istifadə etmək və səslərinin azad və ədalətli seçki yolu ilə eşitdirmək haqqı var.”