Birləşmiş Ştatlar Rusiyanın orbitdə 1500-dən çox dağıntı buraxaraq öz peyklərindən birinə qarşı dağıdıcı peyk əleyhinə raket sınağını kəskin şəkildə pisləyib.
Dövlət katibi Antoni Blinken deyib ki, belə bir sınağın astronavtlar və kosmonavtlar üçün yaratdığı təhlükələrindən əlavə, dağıntıların “indi həm də bütün ölkələrin təhlükəsizliyi, iqtisadi və elmi üçün həyati əhəmiyyət kəsb edən peykləri və digər kosmik obyektləri təhdid edir.
Beynəlxalq Kosmik Stansiyasında (BKS) olan beş astronavt və iki kosmonavt - dörd amerikalı, bir alman və iki rusiyalı fövqəladə prosedurlara əməl edərək kapsullarına sığınıb.
NASA administratoru Bill Nelson Rusiyanın bu addımını “məsuliyyətsiz və sabitliyi pozan” əməl adlandırıb.
O deyib: “İnsanların kosmosa uçuşunda uzun bir tarixə malik olan Rusiyanın təkcə BKS-də Amerika və beynəlxalq tərəfdaş astronavtları deyil, həm də öz kosmonavtlarını təhlükə altına atması ağlasığmazdır. Onların hərəkətləri ehtiyatsız və təhlükəlidir, həmçinin Çin kosmik stansiyasını və göyərtəsində olan taikonavtları təhdid edir”.
Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlərə bildirib ki, Birləşmiş Ştatlar bu kimi peyk sınağı və nəticədə uzunömürlü orbital dağıntılarla bağlı dəfələrlə Rusiyaya narahatlığını bildirib.
Blinken deyib: “2021-ci il noyabrın 15-də baş vermiş hadisələr açıq şəkildə göstərir ki, Rusiya kosmosun silahlaşdırılmasına qarşı çıxmaq iddialarına baxmayaraq, ehtiyatsız və məsuliyyətsiz davranışı ilə bütün ölkələr üçün kosmosun uzunmüddətli davamlılığını və kosmosun tədqiqi və istifadəsini təhlükə altına atmağa hazırdır.
O bəyan edib ki, Birləşmiş Ştatlar, onun müttəfiqləri və tərəfdaşları “bu məsuliyyətsiz hərəkətə cavab almağa çalışacaq.
”Biz bütün kosmos ölkələrini məsuliyyətli davranış normalarını inkişaf etdirmək səylərində bizə qoşulmağa və Rusiya tərəfindən həyata keçirilən təhlükəli və məsuliyyətsiz dağıdıcı sınaqlardan çəkinməyə çağırırıq” - deyə, Blinken əlavə edib.