Venesuelanın qeyri-qanuni prezidenti Nikolas Maduro və onun qeyri-qanuni rejiminin üzvləri hər hansı yolla hakimiyyəti əllərində qoruyub saxlamaq niyyətindədirlər. Onlar məqsədlərinə çatmaq üçün Venesuelanın demokratik proseslərinə xələl yetirirlər. Maduronun dekabrın 6-da parlament seçkilərini saxtalaşdırmaq planı bunun ən bariz nümunəsidir.
Milli Seçki Şurası iyulun 1-də seçkilərin dekabrın 6-da keçiriləcəyini elan edib. Müvəqqəti prezident Xuan Quaydo ictimaiyyətə Seçki Şurasının qeyri-qanuni olduğunu izah edib, çünki onun üzvləri qanunsuz bir şəkildə Maduronun nəzarət etdiyi Ali Məhkəmə tərəfindən seçiliblər.
Buna görə də, Maduronun əleyhinə olan venesuelalılar seçkidə iştirak etmirlər. Bundan əlavə 37 müxalifət partiyası və 107 vətəndaş cəmiyyəti təşkilatı da müvəqqəti prezident Quaydoya dəstək məqsədilə prosesi boykot edəcəklərini elan ediblər və Maduronun saxtalaşdırdığını seçkidə iştirak etməyin “diktaturanın strategiyası ilə işbirliyi etməyə” bərabər olduğunu bildiriblər.
Qanunsuz Maduro rejimi Venesueladakı birləşmiş siyasi müxalifətə cavab olaraq əsas müxalifət partiyalarının rəhbərliyini öz tərəfdarları ilə əvəzləyib və onları Maduro əleyhinə koalisiyanın üzvləri kimi təqdim edib.
Maduronun dəstəklədiyi bu agentlər dörd ən böyük partiyadan üçünün rəhbərliyini ələ keçirib. Hər birində Maduronun nəzarət etdiyi Ali Məhkəmə Maduronun agentlərinin lehinə qərar çıxarıb. Müxalif partiyalarının çoxunun rəhbərliyi bu qanunsuz rejim agentləri ilə əvəzlənib. Nəticədə artıq tərəfdarlarını təmsil etməyən bu əsas partiyalar saxtalaşdırılıb və indi saxta müxalifət blokunu təşkil edirlər.
Artıq zombiləşmiş bu üç partiya dekabrın 6-da keçiriləcək parlament seçkisində iştirak edəcəklərini təsdiq ediblər.
Birləşmiş Ştatların Maliyyə Departamenti 13692 nömrəli sərəncamla Maduronun Venesuela xalqını azad və ədalətli seçkidə öz liderlərini seçmək haqqından məhrum etmək planında iştirak etdiklərinə görə bu marionet müxalifət partiyalarının liderlərinə sanksiya tətbiq edib. Onlar Xose Bernabe Qutierrez Parra, onun qardaşı Migel Antonio Xose Ponente Parra, Guillermo Antonio Luses Osorio, Çaim Xose Bukaran Paraquan və Vilyams Xose Benavide Rondondur.
“Birləşmiş Ştatlar Venezuela xalqının layiq olduqları azad və ədalətli seçkidə iştirak etmələrini təmin etmək üçün Maduro rejimini və onun dəstəkçilərini açıq saxtakarlıqlarına görə cavabdeh tutmağa sadiqdir,” Maliyyə departamentinin katibi Stiven Mnuçin deyib.
Birləşmiş Ştatlar müvəqqəti prezident Quaydonu və demokratik Venesuelanı bərpa etmək istəyən demokratiya müdafiəçilərini dəstəkləyir.