Dövlət Katibi Antoni Blinken Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya İcmalı Forumunda “Bu, misli görünməmiş bir dövrdür”- deyə elan edib. Bu gün dünya boyu hərəkətdə olan təxminən 95 milyon miqrant var ki, bu da İkinci Dünya Müharibəsindən bəri ən yüksək rəqəmdir. Dövlət katibi Blinken vurğulayıb ki, "İnsanlar təhlükəsizlik və fürsət axtarışında evlərini tərk edərək, təhlükəli səfərlər etdiyi bir vaxt, ölkələrin və təşkilatların miqrasiyanı daha təhlükəsiz və nizamlı etmək üçün birlikdə işləmələri çox vacibdir."
Miqrasiya üzrə Qlobal Paktın məqsədi miqrasiyanı idarə etmək və həssas insanları müdafiə etmək üçün ümumi yanaşma formalaşdırmaqdır. Pakt Birləşmiş Millətlər Təşkilatının himayəsi altında beynəlxalq miqrasiyanın bütün ölçülərini vahid və əhatəli şəkildə əhatə edən ilk hökumətlərarası danışıqlar yolu ilə bağlanmış bir sazişdir. Dövlət katibi Blinken bildirib ki, Birləşmiş Ştatlar insan hüquqları, insan ləyaqəti, şəffaflıq və dövlət suverenliyinə əsaslanan miqrasiya siyasətinin yürüdülməsini istəyir. "Və biz vətəndaş cəmiyyəti, hökumətlər, özəl sektor və Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq institutlarla tərəfdaşlıq etməyə sadiqik, çünki bu, heç birimizin təkbaşına həll edə bilməyəcəyi bir problemdir."
Qlobal Pakta daxil olan Qərb Yarımkürəsindəki bir neçə ölkə repressiyadan qaçan insanları hüquqi status və xidmətlərlə təmin edir, onların uşaqları üçün təhsil imkanları yaradır. Beynəlxalq təşkilatlar və qeyri-hökumət qrupları iqlimlə əlaqədar fəlakətlərdən sonra dəstək verir və iqlim böhranı səbəbindən köçkün olmaq təhlükəsi ilə üzləşən icmalara kömək etmək üçün yerli rəsmilərə iqlimə davamlılıq və uyğunlaşma mövzusunda təlimlər keçir.
Birləşmiş Ştatlar əldə olunan irəliləyişi davam etdirmək üçün tərəfdaşları ilə sıx əməkdaşlıq edəcək. Dövlət katibi Blinken deyib ki, iyun ayında keçiriləcək Amerika Sammitində "biz problemin xüsusilə kəskin olduğu yarımkürəmizdə qeyri-qanuni miqrasiyaya qarşı birgə cavab tədbirləri hazırlamağa davam edəcəyik." "Biz, ilk növbədə insanların evlərini tərk etmələrinin səbəbini həll etmək üçün qeyri-qanuni miqrasiyanın əsas səbəbləri, o cümlədən iqtisadi imkanların və təhlükəsizliyin olmaması, korrupsiya və repressiv idarəetmə, iqlimlə bağlı fövqəladə hallar üzərində birlikdə işləyirik."
ABŞ həmçinin miqrasiya üçün qanuni yolları genişləndirmək, o cümlədən bu il əlavə 50,000-dən çox müvəqqəti işçi vizası ayırmaq, ailələrin birləşdirilməsi proqramlarını genişləndirmək və dünya boyu təhlükəyə açıq miqrantlar və qaçqınlar üçün dəstəyi maliyyələşdirmək üzərində işləyir.
Birləşmiş Ştatlar dünya boyu təhlükəsiz, nizamlı və insani miqrasiya üzərində işləməyə davam edəcək. İmmiqrantlar tərəfindən zənginləşdirilən bir ölkə olaraq bu məsələ bizim qəlbimizə xüsusilə yaxındır.